Kişi məhbus qohumuna qurudulmuş çörəyin içində telefon ötürmək istəyib
Bakıdakı 3 saylı İstintaq təcridxanasına mobil telefon keçirmək cəhdinin qarşısı alınıb.
Ədliyyə Nazirliyi Penitensiar xidmətin İctimaiyyətlə əlaqələr şöbəsindən ANS PRESS-ə verilən məlumata görə, Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş axtarış-baxış tədbirləri nəticəsində məhkum Mübariz Çingiz oğlu Bağırovun yanına qısamüddətli görüşə gəlmiş dayısı, Ağdam rayon sakini Bakir Bəylər oğlu Hüseynovun üzərinə və gətirdiyi sovqata baxış keçirilib.
Baxış zamanı 2 ədəd “Eti Mek” qurudulmuş çörəyin içərisində xüsusi üsulla sellofana bükülərək gizlədilmiş 2 ədəd qara rəngli “Nokia” markalı mobil telefon aparatı aşkar olunaraq götürülüb.
Mübariz Bağırov Cinayət Məcəlləsinin 177.3.2, 326.1, 326.2 və 66.3 maddələrinə əsasən 12 il müddətinə azadlıqdan məhrum edilib.
Fakt üzrə araşdırma aparılır.



ANS PRESS



