Rusiya FİFA-dakı rüşvət qalmaqalından sonra rahat nəfəs aldı, qruplarda kimlər var?
İyulun 25-də Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən futbol üzrə dünya çempionatının seçmə mərhələsinin püşkatmasına maraq əvvəlki analoji tədbirlərdən qismən fərqlənirdi. Bu da səbəbsiz deyildi.
Ruslar rahatlandı
Məlumdur ki, FİFA hazırda 111 illik tarixi ərzində ən böyük böhranı yaşayır. FİFA-nın iki vitse-prezidenti də daxil bir neçə yüksək rütbəli məmuru iki ay əvvəl rüşvət ittiahamı ilə həbs edilib. Onlara əsas ittihamlar sırasında dünya çempionatlarının keçirilməsi üçün müxtəlif ölkələrdən milyonlarla rüşvət almalarıdır. FİFA prezidenti Yozef Blatter bu ittihamları əvvəl qəbul etmədi. Amma yenidən FİFA prezidenti seçilməsinə baxmayaraq, geri çəkilməli oldu və quruma yeni seçkilər təyin edildi. İndi o yalnız de-fakto müvəqqəti prezident səlahiyyətlərini icra edir.

FİFA-dakı rüşvət qalmaqalı başlayanda DÇ-2018-in Rusiyada keçirilməsi üçün rüşvət verilməsi barədə iddialar yenidən gündəmə gəldi. FİFA rəhbərliyinin 2018-ci və 2022-ci illər dünya çempionatlarının ev sahibliyi hüququnu müvafiq olaraq Rusiya və Qətərə verərkən külli miqdarda rüşvət aldığı barədə hələ bu rüşvət qalmaqalından əvvəl də Avropa mediasında dəfələrlə müxtəlif iddialar səsləndirilmişdi. Rusiya prezidenti Vladimir Putin də vəziyyətin ciddiliyinin anlayaraq FİFA prezidentinə təzyiqlərdə əsas məqsədin Rusiyada keçiriləcək dünya çempionatını qadağan etmək olduğunu demişdi. Amma FİFA-da rüşvətlə bağlı istintaq illərlə hazırlıqlar tələb edən bir çempionatın Rusiyadan alınması məsələsini böyütmədi. Rusiya prezidenti püşkatmada iştirak etmək üçün Sankt-Peterburqa gələn Blatterlə görüşündə 2018-ci il dünya çempionatı ilə bağlı bütün hazırlıqların vaxtında və yüksək səviyyədə başa çatacağına söz verib. Beləliklə, dünya çempionatının Rusiyada alına biləcəyi ilə bağlı söz-söhbətə Sankt-Peterburqda nöqtə qoyulub.
Avropa qrupları – dünya çempionu rəqibimiz oldu
Əvvəl püşkatmada iştirak edəcək 52 Avropa yığması 9 qrupa bölünüb. Bunların 7-də 6, 2-də 5 komanda olub. Püşkatmada AFFA-nın prezidenti Rövnəq Abdullayev və baş katib Elxan Məmmədov və milli komandanın baş məşqçisi Robert Proniseçki iştirak edib.
Azərbaycan millisi 6 komandanın olduğu C qrupunda yer alıb. Yığmamızın bəxti yenə gətirməyib və qrup mərhələsində kifayət qədər güclü rəqiblərlə mübarizə aparmalı olacaq. Belə ki, millimiz Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç və San Marinoya rəqib olub.
“Yaxşı komandaların olduğu maraqlı qrupa düşdük”. Bunu Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib.
Təcrübəli mütəxəssis rəqiblərdən Çexiya, Norveç və Şimali İrlandiyanın iddialı komandalar olduğunu vurğulayıb: “Çexiya, Norveç və Şimali İrlandiya ambisiyalı komandalardır. Bu yığmalar yaxın keçmişdə yaxşı nəticələr əldə edib. Əlbəttə ki, son dünya çempionu kimi qrupu lider başa vurmaq istəyirik. Eyni zamanda qrupun favoritiyik”.
Alman mütəxəssis deyib ki, hazırda bütün diqqəti yalnız “Avro-2016″nın seçmə mərhələsinə yönəldiblər. Bu turnirdən sonra isə dünya çempionatının seçmə mərhələsi haqda düşünəcəklər.
AFFA-nın prezidenti Rövnəq Abdullayev də
milli komandamızın maraqlı oyunların keçiriləcəyi qrupa düşdüyünü deyib: “San-Marino yığmasının digər rəqiblərimizlə müqayisədə ən aşağı reytinqə sahib olduğu məlumdur. Şimali İrlandiya yığması ilə ötən seçmə mərhələdə qarşılaşmışıq, Norveç komandası ilə hazırkı seçmə mərhələdə artıq iki oyun keçirmişik və bu komandaları yaxın keçmişin tanış rəqibləri adlandıra bilərik. Çexiya yığması son dövrlərdə çox yüksək nəticələrə nail olmasa da, müxtəlif vaxtlarda bu komandanın mötəbər turnirlərdə gözəl oyunlarını izləmişik. Son dünya çempionatının qalibi olan Almaniya milli komandası barədə hər hansı xüsusi fikir bildirməyə ehtiyac duyulmadığını düşünürəm”. O, millimizin seçmə mərhələdə əldə etdiyi nəticələrlə azarkeşləri sevindirəcəyinə ümid etdiyini deyib.
Avropa qrupunu təqdim edirik:
A qrupu:
Hollandiya, Fransa, İsveç, Bolqarıstan, Belarus, Lüksemburq
B qrupu:
Portuqaliya, İsveçrə, Macarıstan, Farer adaları, Latviya, Andorra
C qrupu:
Almaniya, Çexiya, Şimali İrlandiya, Norveç, Azərbaycan, San-Marino
D qrupu:
Uels, Avstriya, Serbiya, İrlandiya, Moldova, Gürcüstan
E qrupu:
Rumıniya, Danimarka, Polşa, Monteneqro, Ermənistan, Qazaxıstan
F qrupu:
İngiltərə,Slovakiya, Şotlandiya, Sloveniya, Litva, Malta
G qrupu:
İspaniya, İtaliya, Albaniya, İsrail, Makedoniya, Lixtenşteyn
H qrupu:
Belçika, Bosniya və Hersoqovina, Yunanıstan, Estoniya, Kipr
I qrupu:
Xorvatiya, İslandiya, Ukrayna, Türkiyə, Finlandiya
Oyunların təqvimi məlumdur
Rusiya təşkilatçı ölkə kimi final mərhələsinə birbaşa vəsiqə alsa da, H qrupunda simvolik təmsil olunub. Onun oyunlarının nəticələrinin qrup turnirinə heç bir təsiri olmayacaq, daha doğrusu yoldaşlıq görüşü xarakterli olacaq.
Avropa yığmaları arasında keçiriləcək təsnifat mərhələsinin oyunları 2016-cı il sentyabrın 4-də start götürəcək. Seçmə mərhələnin qrup oyunları 2017-ci il oktyabrın 8-10-da başa çatacaq.
“Play-off” matçları noyabrda keçiriləcək: ilk oyunlar – 2017-ci il 9-11 noyabrda, cavab oyunları – 12-14 noyabrda.
Oyunların ilkin tarixləri aşağıdakı kimi müəyyən edilib: 1-ci tur: 2016-cı il 4-6 sentyabr; 2-ci tur: 6-8 oktyabr; 3-cü tur: 9-11 oktyabr; 4-cü tur:11-13 noyabr; 5-ci tur: 2017-ci il 24-26 mart; 6-cı tur: 9-11 iyun; 7-ci tur: 31 avqust – 2 sentyabr; 8-ci tur: 3-5 sentyabr; 9-cu tur: 5-7 oktyabr; 10-cu tur: 8-10 oktyabr. Çempionatın oyunları Rusiyanın 11 şəhərinin – Moskvaya, Sankt-Peterburq, Kazan, Nijni Novqorod, Saransk, Kalininqrad, Volqoqrad, Yekaterinburq, Samaraya, Soçi və Rostovdakı 12 stadionunda iyunun 15-dən iyulun 14-dək keçiriləcək.
Kosta-Rika, Panama, Qrenada, Haiti…
29 ölkə qitələrarası seçmə sikllərdən dünya çempionatına vəsiqə qazanacaqlar. Qalan 2 vəsiqə məhz qitələrarası kəsişmənin oyunlarından sonra sahibini ta
pacaq. Nəticədə Şimali Amerika – Asiya, Okeaniya – Cənubi Amerika cütlüyü formalaşıb.
Afrika zonasında ilk 2 mərhələnin püşkatma mərasimində komandalar bir-biri ilə 3 dövrəlik mürəkkəb olimpiya sistemi ilə cütlüklərə bölünüblər.
Asiya zonasında seçmə mərhələ artıq başladığından, bu qitənin ölkələri üçün püşkatma keçirilməyib. Şimali, Mərkəzi Amerika və Karib hövzəsi ölkələri (KONKAKAF) üçün püşkatma nəticəsində qrupların tərkibi belə formalaşıb:
A qrupu: Meksika, Honduras, Kürasao – Salvador cütünün qalibi, Kanada – Beliz cütünün qalibi,
B qrupu: Kosta-Rika, Panama, Qrenada – Haiti cütünün qalibi, Yamayka – Nikaraqua cütünün qalibi,
C qrupu: ABŞ, Trinidad və Tobaqo, Sent-Vinsent və Qrenadinı – Aruba cütünün qalibi, Antiqua və Barbuda – Qvatemala cütünün qalibi.
Okeaniya zonası üçün də püşk atılıb. Qrupların tərkibi belə müəyyənləşib:
A qrupu: Taiti, Yeni Kaledoniya, ilkin raundun qalibi, Papua-Yeni Qvineya,
B qrupu: Yeni Zelandiya, Solomon Adaları, Fici, Vanuatu