Fransa millisinin baş məşqçisi Didye Deşam PSJ-nin sükanı arxasına keçəcəyi ilə bağlı yayılan söz-söhbətlərə münasibət bildirib.
53 yaşlı mütəxəssis gələcəkdə bu variantı istisna etməyib.
O, Paris klubunun əzəli rəqibi “Marsel”də oynamasının buna maneə olacağına inanmır: “Hazırda mövcud bazarda yoxam. Yeni komanda ilə bağlı sual bir ildən sonra verilməlidir. Öz adımdan danışmıram, amma həm “Marsel”, həm də PSJ-də oynamış futbolçular var. Birində oynamış futbolçunun digərində məşqçilik etməsində problem görmürəm. Mənim barəmdə də belə bir fikir var. Bunu problem də saymıram. Məsələn, Antonio Konte “İnter” və “Yuventus”la çempion olub. Düşmənləriniz və dostlarınız olmalıdır”.
Deşam Fransa millisində onun yerinə Zinəddin Zidanın gəlməsi ehtimalını isə yüksək qiymətləndirib: “Mən Loran Blanın yerini tutdum. Kimsə də məni əvəz etməlidir. Zidan və ya başqası olacaq. Söhbət xoşuma gəlib-gəlməməyimdən getmir, şərtlər uyğun olmalıdır. Zizu Fransa millisi ilə əlaqəli insandır”.
Qeyd edək ki, Didye Deşamın Fransa Futbol Federasiyası ilə müqavilə müddəti DÇ-2022-nin sonuna qədərdir.





