
Tehran və Vaşinqton anlaşdı. Odur ki, belə bir sual yaranır – Qərb-İran anlaşması Azərbaycana nə vəd edir? Bakı seçim dilemmasından azad olacaqmı?
Vaşinqton və Tehran razılaşması Bakının geosiyasi önəmini azaldacaqmı? Bu suallara cavab vermək lazım gəlir.
İlkin olaraq, belə bir suala cavab vermək lazımdı – Birləşmiş Ştatlar nüvə anlaşmasının mabədi olaraq, İslam respublikası ilə normal münasibətlər qura bilərmi?
Prinsip etibarilə, Vaşinqtonun mövcud Tehran rejimi ilə münasibətlərinin tənzimlənməsinin vacibliyi ilə bağlı bir çox amerikalı ideoloqlar 1979-cu ildən – inqilabın ilk günündən danışırlar.
ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə sabiq müşaviri, Vaşinqtonun əsas strateqlərindən olan Zbiqnev Bjezinski uzun illər öncə Birləşmiş Ştatların İsrailə yönəlik “İran siyasətini” yanlış adlandırıb.
SSRİ-nin parçalanmasının əsas ideoloqlarından olan bu şəxsin sözlərinə görə, İsrail rejimini bu həddə müdafiə ABŞ-ın milli mənafeyinə cavab vermir.
İdeoloqa görə, İrana qarşı müharibə etmək fikrində olanlar savaşın nəticələri və mümkün vətəndaş itkilərini də nəzərə almağa məhkumdurlar.
Onun sözlərinə görə, hərbi müdaxilə məsuliyyətsiz bir hərəkət ola bilərdi.
Z.Bjezinski hesab edir ki, İrana hərbi müdaxilə ciddi böhrana gətirib çıxara bilər və bölgəni atəşə verərdi.
“Bu da ABŞ-ın Əfqanıstandan tutmuş İraq və Suriyayadək milli mənfəətlərinə ziyan vuracaq və geniş bir coğrafi ərazidə ABŞ əleyhinə böyük bir nifrət halqası yaradardı”.
1979-cu ildən ABŞ-İran münasibətləri hər zaman gərgin olub. Mahmud Əhmədinejadın prezidentliyi zamanı isə bu gərginlik daha da artıb. Həsən Ruhaninin prezident seçilməsi ilə isə iki ölkə arasında qanlı savaş perspektivi aradan qalxmağa başladı.
Bunun da səbəbini anlamaq mümkündür.
ABŞ Yaxın Şərqdə özünün yaratdığı xaosun əsirinə çevrilməkdədir. Odur ki, İranla münaqişəni səngitmək istəyir. İsrail nüvə silahına malik olduğu halda, İranın belə bir qadağa ilə üzləşməsi də anlaşılan deyil.
Digər tərəfdən, İsrailin nüvə silahına malik olması Türkiyəni də bu barədə düşünməyə vadar edir. Görünür,Qərbi narahat edən odur ki, Türkiyə də nüvə silahına malik ola bilər; bu isə bölgədə tamamilə yeni düzənin qurulması anlamına gələ bilər.
Bu baxımdan, Vaşinqton diplomatik yollarla Tehranla münasibətləri normallaşdırmaq niyyətindədir.
Ona da diqqət yetirək ki, İran-ABŞ münasibətlərinin normal məcraya salınması Qərbin Cənubi Azərbaycan məsələsinə diqqətini xeyli dərəcədə azalda bilər.
Bu isə istər-istəməz İran-Azərbaycan münasibətlərindəki gərginliyi nisbətən aradan qaldırmış olur.
Lakin Bakı və Tehran arasındakı gərginliyin yaxın zamanlarda tam aradan qalxacağına ümid bəsləmək də mümkün deyil.
Bu məqamda daha çox ABŞ-İran münasibətlərinin tənzimlənməsinin Azərbaycanın geosiyasi önəminə təsirini təhlil etmək lazım gəlir.
ABŞ “Yeni Yaxın Şərq” layihəsinə uyğun olaraq diplomatiyasını uğurla həyata keçirməkdədir.
Daha çox Rusiyanın “dənizlərə çıxışını” bağlamağa yönələn bu layihənin tam gerçəkləşməsi “İran problemi”nin həllindən asılı olacaq. Odur ki, Vaşinqton “İran problemi”ni həll etmək istəyir.
Bölgənin tamamilə ələ keçirilməsi siyasətinə yalnız İran mane olur və deməli, ABŞ bu ölkə ilə də “haqq-hesabı” çürütməli olacaq – ya savaşla, ya sülh yolu ilə.
Yuqoslaviyaya hərbi müdaxilədən öncə ölkə tam blokadaya alınmışdı və ölkə daxilində milli zəmində qarşıdurma Vaşinqtonun təhriki ilə daha ağır müstəviyə keçirilmişdi. Bütün bunlar ölkədə elə vəziyyət yaratdı ki, ABŞ ölkənin bir hissəsini işğal etməklə, bütövlükdə ona nəzarət imkanı qazanmış oldu. ABŞ İranı tamamilə işğal edə bilməkdən ötrü kifayət qədər resursa və gücə malik deyil.
Bununla bağlı iri koalisiyalar yaratmaq da mümkün deyil. Odur ki, Ağ Ev sülh variantı barədə də fikirləşməlidir.
ABŞ-ın İranla savaş səviyyəsində olması isə Şimali Azərbaycanı əsas fiqurlardan birinə çevirə bilərdi.
ABŞ İran təhlükəsinə qarşı Azərbaycan, Orta Asiya, Əfqanıstanı nəzarətə götürməyə cəhd edirdi.
Azərbaycan öz hava limanlarını NATO-ya təqdim etməli olardısa, bu artıq ABŞ üçün Türkmənistana doğru bir addım olardı. Savaş planının aradan qalxması isə vəziyyəti bir qədər dəyişir. İndi isə Bakı əhəmiyyətini müəyyən qədər itirmək üzrədir.
Digər tərəfdən, İranın ram edilməsi Rusiyanın hegemonluğunun sonu demək olardı. İran məsələsi “Yeni Yaxın Şərq” siyasətini ehtiva edir. Bu siyasət Türkiyə və Azərbaycanın da maraqlarına zərbələr endirir. İrana qarşı sanksiyalar Ankara və Bakını bölgədə əsas oyunçuya çevirirdi…



