“Ekofəalların tələblərinin yerinə yetirilməsi məsələsi barədə proqnoz vermək əlbəttə çətindir. Bu, əslində Azərbaycan və Rusiya bölgədə öz maraqlarını istənilən yolla qorumaq istəyir”-bu sözləri Elchi.az saytına açıqlamasında politoloq Nəzakət Məmmədova deyib.
O həmçinin məsələnin böyük ehtimalla Rusiya rəhbərliyinin diqqətində olduğunu vurğulayıb.
“Çünki ekofəallar tələblərə çıxış etməyə yenicə başlayanda prezident Putinin prezident Əliyevə zəng etməsi zamanı görünür həm də bu məsələ müzakirə olunub. Hər halda, ərazidəki sülhməramlı kontingent nizamnaməyə görə, hər gün Moskvaya, Rusiya Müdafiə Nazirliyinə vəziyyətlə bağlı gündəlik arayış göndərir və Rusiyanın hərbi rəhbərliyi də Kremli istənilən diqqətçəkən insident barədə məlumatlandırmağa borcludur. O baxımdan artıq tələblərin nə vaxt yerinə yetirilməsi Bakı ilə Moskva arasında əldə ediləcək razılaşma zamanı mümkündür. Xarici ölkələrin maraqlarına gəlincə, əlbəttə vardır. İlk olaraq Minsk qrupunun artıq Prezident İlham Əliyev tərəfindən tarixin arxivinə atılmış digər iki həmsədri – ABŞ və Fransa 10 noyabr sazişini Azərbaycana və Rusiyaya bağışlamaq istəmirlər. Artıq münaqişə vasitəsilə Azərbaycanı manipulyasiya etmək imkanları aradan qalxıb və yalnız Ermənistan vasitəsilə öz təxribatlarını həyata keçirib bölgədəki status kvoda söz sahibi olmaq ümidi ilə planlar cızırlar. ABŞ dövlət katibinin Azərbaycan prezidentinə zəng etməsi, Avropa Birliyinin bölgəyə müşahidəçilər göndərməsi və s. onu göstərir ki, Qərb Cənubi Qafqazdan asanlıqla getmək və buraları Rusiyaya buraxmaq niyyətində deyil. Regionda hazırda 3 geosiyasi güc mərkəzinin nüfuz savaşı gedir: anqlo-sakson və rus, habelə Frank. Tarixən rus-ingilis geosiyasi savaşlarının mərkəzlərindən biri olan Cənubi Qafqazda bu gün də eyni mübarizə davam edir və bu dəfə prosesə Fransa da qoşulub. Doğrudur, təcrübə göstərir ki, Fransa və Rusiya yeri gəldikdə anqlo-saksonlara qarşı birləşə bilərlər”.
Havar Şəfiyeva





