SpaceX və Tesla Motors-un qurucusu İlon Maskın beyin çipi təşəbbüsü Neuralink, ilk insan təcrübəsi üçün xəstələri işə götürməyə başlamaq üçün müstəqil araşdırma şurasından icazə aldığını açıqladı.
Elchi.az xəbər verir ki, Neuralink tərəfindən edilən açıqlamada, Neuralink-in müstəqil araşdırma şurasından təsdiq aldıqdan sonra klinik sınaqlarda iflic olan insanlar üçün beyin implantını sınaqdan keçirmək üçün xəstələr axtardığı bildirilib.
İmplant onurğa beyninin zədələnməsi nəticəsində iflic olan xəstələrdə sınaqdan keçiriləcək. Neuralink təxminən 6 il davam edəcək araşdırmanın harada keçiriləcəyini və neçə iştirakçının iştirak edəcəyini açıqlamayıb.
ABŞ-lı iş adamı İlon Maska məxsus Neuralink şirkəti, 2023-cü ilin mayında beyin çipi layihəsinin insanlar üzərində sınaqdan keçirilməsinə ABŞ Qida və Dərman İdarəsindən (FDA) icazə alındığını açıqladı.
Qeyd edilib ki, əvvəllər meymunlar üzərində sınaqdan keçirilən çiplər beyindəki siqnalları uğurla şərh edərək cihazlara ötürüb.
Beyin implantının təhlükəsiz olduğu sübut olunsa belə, ekspertlər təşəbbüsün kommersiya istifadəsi üçün təsdiqlənməsinin 10 ildən çox çəkə biləcəyini deyirlər.
2016-cı ildən bəri Neuralink şirkəti beyinə yerləşdiriləcək mikroçiplər sayəsində iflic və korluq kimi nevroloji xəstəlikləri müalicə etməyi və əlil insanların həyat keyfiyyətini yaxşılaşdırmağı hədəfləyir.
Mütəxəssislər isə xəbərdarlıq edirlər ki, Neuralink-in beyin implantları ilə bağlı ilkin tədqiqatlar mümkün texniki və təhlükəsizlik problemləri nəzərə alınmaqla daha diqqətlə və əhatəli şəkildə aparılmalıdır.
Şayəstə Hüseynova





