
Niyaz Niftiyev: “Ermənilərdə şəxsi təşəbbüs, milli iradə və kimlik çox zəif inkişaf etdiyindən müstəmləkəyə meyllilik özünü bu qədər çılpaqlığı ilə büruzə verir”
Ermənilərə təkcə azərbaycanlılar deyil, digər xalqların da münasibəti birmənalı olmayıb. Zaman-zaman müxtəlif millətlərin nümayəndələrinin ermənilər barədə dediyi neqativ fikrilərə rast gəlirik. Ancaq ermənilərin təbii ki, qəddar sifətini 20-ci əsrdə 3 dəfə Azərbaycan türkləri görməli olublar.
Təbii ki, bütövlükdə “yaxşı xalq” və ya “pis xalq” bölgüsü olmur. Azərbaycanlılar kimi ermənilər də imperialist siyasətinin qurbanlarıdır. Amma hər nə qədər xalqlar barədə “pis və yaxşılar” ölçüsü olmasa da, hər halda etnosların da xarakterik cəhətləri, formalaşmış xüsusiyyətləri olur. Bu mənada ermənilər azərbaycanlılardan və hətta gürcülərdən də fərqlidirlər. 100 il əvvəl çar Rusiyasının və Britaniya imperiyasının təhriki ilə bölgədə böyük insani faciələrə səbəb olan ermənilər 100 il sonra, formal müstəqillikdən sonra belə rus himayəsində yaşamağı seçdilər. Ermənilərə çox yaxın olan gürcülər rus təsirində olmamaq üçün bir neçə müharibə yaşadılar, böyük itki verdilər. Halbuki gürcülərə nisbətən ermənilərin daha çox müstəqil olmaq imkanları vardı: Rusiyaya uzaq idilər, dünyada, xüsusən də Qərbdə güclü erməni diasporu vardı. Bütün bunlar imkan verirdi ki, ermənilər SSRİ-dən sonra sürətlə müstəqil olub, Qərbyönlü inkişaf etmiş ölkə olsunlar. Amma onlar könüllü əsarəti, daha dəqiqi Rusiya boyunduruğunu seçdilər. Bunun hansısa özəl səbəbləri varmı?
Etnopolitoloq, fərqli mədəniyyətlərlə bağlı araşdırmaların müəllifi Niyaz Niftiyev deyir ki, xalqların formalaşmasında bir sıra təbii və tarixi proseslərlə yanaşı siyasi amillər rol oynayır.
Konkret olaraq eyni regionda, oxşar coğrafi mühitdə yaşayan və eyni dini dəyərləri bölüşən gürcü və erməni xalqları arasındakı fərqlərə diqqət çəkən ekspert deyir ki, milli şüurun inkişafı, şəxsiyyət yetişidirilməsi faktoru var: “Məsələ ondan ibarətdir ki, hər iki xalqın mənşəyi – etnogenizi fərqlidir. Bu gendən asılı deyil. Sadəcə dünyanın siyasi gedişi və xalqların tarixində olan şəxsiyyətləri onların sonrakı fəaliyyətində də müsbət təsir göstərir. Bu daha çox milli şüurun inkişafı ilə bağlıdır. Məsələn, gürcülər çox fəxarətlə deyirlər ki, biz SSRİ-yə Stalin kimi şəxsiyyət bəxş etdik və Stalin də dünyanı dizə gətirən nasizmi yox elədi və s. Bax, gürcülərdə milli kimlik bu şəkildə inkişaf etdi… Ermənilər isə tarix boyu müstəmləkədə olmağı seviblər. Beləliklə də millət bu cür “tərbiyə” alıb və onun qısa zamanda düzəlməsi mümkün deyil”.
Burda ermənilərin mənsub olduğu xristianlıq təriqətinin rolu varmı? N.Niftiyev deyir ki, əlbəttə, din faktoru həmişə mayak olub. Yəni siyasi proseslərdə əsas kimi görünməsə də üst qat olub: “Məsələn, tarixin ənginliklərinə səyahət etsək ermənilərin bu gün “tariximizdir” deyə iddia etdikləri ərazilərdə gürcülər yaşayıb. Ararat vilayəti və Vanda ən qədim zamanlardan gürcülərin yaşadığını iddia edən tarixçilər var. Gürcülər hələ e.ə. VII-VI əsrlərdə özlərinə yeni vətən əldə etmiş Friqiya erməniləri tərəfindən sıxışdırıldıqlarını iddia edirlər”.
Erməni xalqını tarixmi, yoxsa liderlərmi bu cür tərbiyə edib?
Ekspert deyir ki, hər iki amil var: “Əvvəla, tarixə nəzər salanda görürük ki, mühit heç zaman ermənilərin xeyrinə işləməyib. Şəxsiyyəti də mühit yetişdirir. Ermənilərdə şəxsi təşəbbüs, milli iradə və kimlik çox zəif inkişaf etdiyindən müstəmləkəyə meyllilik özünü bu qədər çılpaqlığı ilə büruzə verir. Bir müstəmləkədə olan xalq göstərin ki, şəxsiyyət yetişdirsin. Bu mümkün deyil.
Bu məsələdə tərbiyənin də rolu böyükdür. Yəni, Rusiya əsrlərdir erməniləri elə “tərbiyə” edir ki, perspektivdə problemlər yaşamasın. Göründüyü kimi, Rusiya həm də yaxşı “valideyn”dir. İllərdir ermənilər üzərində cızdığı “sədaqət düsturu”na əlavələr etmir. Problemin iqtisadi və digər səbəbləri də məsələnin görünən tərəfidir”.