
Novella Cəfəroğlu: “Proseslərin davamlı olmasının qarşısını aprel döyüşləri aldı”; Qabil Hüseynli: “Ermənilər Azərbaycana asanlıqla cəlb oluna bilərlər”
Ötən il sentyabrın 17-də öz müraciətləri əsasında ölkəmizə pənah gətirən Ermənistan “Milli Azadlıq Hərəkatı” təşkilatının rəhbəri Vaan Martirosyan və onun ailəsi artıq 3-cü ölkəyə təhvil verilib. Ölkənin adı açıqlanmasa da, erməni ailəsinin Bakını tərk etdikləri dəqiqləşib.
Erməni ailəsinin ölkəmizə gəlişindən sonra bu prosesin davamlı olacağı barədə vaxtaşırı ictimaiyyət arasında fikirlər dolaşırdı. Hətta bunun ilkin rüşeymləri də görünməyə başlamışdı. İstər Ermənistanda, istərsə də, Dağlıq Qarabağda yaşayan ermənilər arasından Azərbaycana meyllər artmışdı. Buna səbəb də, düşmən ölkədə əhalinin yaşayış durumunun olduqca aşağı səviyyədə olması, bu səbəblə hökm sürən aclıq və səfalət idi. Amma proses qəflətən səngidi. Hərçənd ki, düşmən ölkədə əhalinin vəziyyəti getdikcə ağırlaşır. Ekspertlər bildirirlər ki, Azərbaycan düşmənin ağır durumundan istifadə edib, ermənilərin Bakıya gəlişlərini təşkil etməlidir.

Martirosyan və ailəsinin Azərbaycana pənah gətirdiyi vaxtlar bu proseslərdə aktiv iştirak edən hüquq müdafiəçisi Novella Cəfəroğlu erməni ailəsinin 3-cü ölkəyə təhvil verilməsinin səbəblərini açıqladı: “Ən uyğun variantımız bu idi. İtaliya və digər ölkələrdə bu məsələlər qabardılırdı. Martirosyan 3-cü ölkədə Sərkisyan rejiminə qarşı, eləcə də, Qarabağla bağlı təşkilat yaradıb. Düşünürəm ki, bu proseslərin davamlı olmasının qarşısını apreldəki döyüşlər aldı. Yaxın zamanlarda ermənilərdən biz tərəfə keçmələrin olacağına inanmıram. Buna imkan da verməzlər”.

Politoloq Qabil Hüseynli hesab edir ki, Ermənistandan Azərbaycana vətəndaşlar keçirmək üçün ən münbit şərait formalaşıb: “Bu dəqiqə Ermənistan cəmiyyətində bu mövzuda danışanlar çoxdur. Yaxınlarda Ukraynada yaşayan Ağacanyan adlı erməni Dağlıq Qarabağ ermənilərinin Ermənistana aid olmadıqlarını bildirdi. Arsax erməniləri faktiki olaraq, dini dəyişdirilmiş albanlardan ibarətdirlər. Bu baxışlar Dağlıq Qarabağda da geniş yayılıb. Aprel müharibəsindən sonra ermənilər Dağlıq Qarabağdan həm köç edirlər, həm də erməni məmurlar onlara zülm edərsə, Azərbaycana keçəcəkləri barədə təhdid səsləndirirlər. Azərbaycan tərəfi bu proseslərdə öz işini düzgün qurmağı bacarmalıdır. Əsas da, xüsusi xidmət orqanları. Dağlıq Qarabağda işləmək çətindirsə, Gürcüstanın ”Sadaxlı bazarı” deyilən ərazidə işləmək o qədər də çətin deyil. Oradan erməniləri Azərbaycana gətirmək imkanları kifayət qədər var. Vaxtı ilə Azərbaycandan Ermənistana gedənlərin ölkəmiz üçün burunlarının ucu göynəyir. Müəyyən yollarla onlar Azərbaycana asanlıqla cəlb oluna bilərlər. Təminatlarını təşkil etmək şərti ilə proses aparıla bilər. Bunun üçün hətta “erməni kəndi” də salmaq olar. Müharibə vaxtı belə xərclərə getmək olar. Əsası yaşayış şərtlərinin təmin edilməsidir. Ermənilərin Azərbaycana böyük köçü başlaya bilər.
Amma bu iş təşkilatı fəaliyyətlə başa gələ bilər. Burada peşəkar insanlar çalışmalıdır. Xüsusi bir planın hazırlanmasına da ehtiyac var. Bunun üçün qeyri-rəsmi orqan da təşkil etmək olar. Bu orqanda erməni dilini bilənlərin olması işə daha çox xeyir verə bilər. Ermənilərin ağzını bu şəraitdə kifayət qədər döndərmək olar. Müharibə xərcləri kimi, xərclərin bir hissəsini bu istiqamətə yönəltmək olar. Bunu ikinci bir cəbhə kimi də qəbul etmək olar. Xüsusi şəxslərə təlimat verilməli və bu istiqamətdə çalışan həmin şəxslər təcrübəli olmalıdırlar. Bayaq dediyim qeyri-rəsmi qurum da bu işlə məşğul olmalıdır. Amma işi iş bilənə tapşırmaq şərti ilə”.