
Ermənilər tərəfindən yaradılmış Comedy Club Production şirkətinin “Comedy Woman” truppasının Bakıda keçirilməsi planlaşdırılan konserti ləğv edilib.
ANS PRESS-in məlumatına görə, konsertin ləğv edilməsinə səbəb isə Comedy Club Production şirkətinin ermənilər tərəfindən təsis edilməsi olub.
Bakıda keçirilməsi planlaşdırılan konsertə qısa zamanda kifayət qədər biletin satılması isə digər bir maraqlı məqamdır. Truppanın Bakıyda konsertini təşkil edən “33 Event şirkəti” əlaqə nömrələrinə cavab verməməklə vəziyyətdən çıxmağa çalışır.
Hətta Facebook sosial şəbəkəsində konsertə həsr olunmuş xüsusi səhifənin fəaliyyəti də dayandırılıb. ANS PRESS-in əldə etdiyi məlumata görə, konsert üçün satılan biletlər kompensasiya ediləcək. Belə ki, vətəndaşlar biletləri Azərbaycan kinoteatrının kassalarına qaytara bilər. Ümumilikdə konsertə nə qədər bilet satıldığı açıqlanmır.
Qeyd edək ki, “Comedy Club Production” 2006-cı ildə Rusiyada təsis edilib. Televiziya layihələri, kino istehsalında ixtisaslaşan şirkət, klub və konsert fəaliyyətləri, həmçinin əyləncə xidmətləri bazarında fəaliyyət göstərir. Şirkətin tərkibində Artur Canibekyan, Artak Qasparyan, Artur Tumasyan, Artaşes Sarkisyan, Qarik Martirosyan kimi bir çox erməni aktyor çalışır.



