“Zəngəzur dəhlizinin açılmasına Ermənistan və İran sərhədlərin dəyişdirilməsi kontekstindən yanaşır və dəhlizə qarşı çıxmaqlarını bununla əsaslandırırlar. Onda sual yaranır ki, Laçından ermənilərin dəhliz kimi istifadə etməsi Azərbaycanın sərhədlərini dəyişdirmək sayılmır? Azərbaycan niyə buna loyal yanaşmalıdır?”.
Elchi.az xəbər verir ki, bu fikirləri BAXCP sədrinin müşaviri, politoloq Azər Qasımov söyləyib.
“Naxçıvanla Azərbaycan arasında əlaqə problemi deyə bilərlər ki, Ermənistanın problemi deyil. Bu, Azərbaycanın problemidir. Ermənistan niyə öz ərazisini Azərbaycana istifadəyə verməlidir? “10 noyabr” müqaviləsindən sonra olan durumu bir kənara qoyub, eyni sualları Azərbaycan da Ermənistana verə bilər. Niyə biz öz ərazimizi ermənilərə istifadəyə verməliyik?
Niyə biz məhz Ermənistandan Naxçıvana dəhliz tələb edirik? Məntiqlə sərhəd ərazisi olduğu üçün biz bunu eyni tələblə İrandan istəmirik? Məsələ aydındır ki, bizim bunu tələb etməyimizin bir səbəbi var. Biz də erməniyə dəhliz vermişik. Artıq buna müqavilə ilə imza atıblar, oralar tarixi Azərbaycan torpağıdır, əvvəllər bu yolun olduğu kimi faktları hələ bir tərəfə qoysaq. Belə olmasa idi təbii ki, bu, Ermənistanın daxili işi olardı. İstəyərdi dəhliz verərdi, istəməzdi verməzdi. Amma indi məcbur bu dəhlizi bizə verməlidirlər.
Sadə və hər kəsə bəlli məntiqləri yazmaqla bir daha onu qeyd etmək istəyirəm ki, təbii ki, Ermənistan və İran da bu reallıqları bilməmiş deyil. Əgər bunu görməzdən gəlməyə çalışırlarsa, deməli, onların problemləri yazılanlar deyil. Problem elə problem yaratmaqdadır”.
Yeganə




