“Erməni girovluğunda olan Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad edilməsi ilə bağlı Azərbaycan prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq 7 beynəlxalq təşkilata, o cümlədən BMT baş katibinə, Avropa Şurası, Avropa İttifaqı və ATƏT-in rəhbərlərinə, Beynəlxalq Qızıl Xaç Komitəsinin prezidentinə, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığına, insan hüquqları komissiyalarının sədrlərinə rəsmi müraciət göndərmişik. Dünyada elə bir mühüm beynəlxalq təşkilat qalmayıb ki, Azərbaycan hökuməti adından ora müraciət göndərməyim”.APA-nın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib.
Ə.Həsənov girovluqda olan D. Əsgərov və Ş. Quliyevi torpağını, vətənini, xalqını sevən insanlar adlandırıb: “Onlar ölümü göz önünə alaraq, doğma yurd-yuvalarına gedirdilər, ata-babalarının məzarlarını, kəndlərini ziyarət edirdilər. Biz bununla bağlı həqiqəti bütün dünyaya nümayiş etdirdik. Ancaq ermənilər yenə də faşist əməllərindən əl çəkmirlər, bütün beynəlxalq hüquq normalarını kobud şəkildə pozmaqda davam edirlər. Erməni xalqı 100 ildir türk genosidi ilə məşğuldur. Beynəlxalq təşkilatlar bölgədə dayanıqlı sülhün bərqərar olunmasını istəyir. Ermənilər isə türk dünyasından əl çəkmir, öz məqsədlərinə çatmaq üçün çirkin əməllərini davam etdirirlər. Mənə elə gəlir ki, bu əməllərə göz yuman və erməniləri açıq şəkildə müdafiə edən beynəlxalq təşkilatlar bizim girovlarla bağlı məsələnin də müsbət həllinə kömək etməyəcəklər”.
Baş nazirin müavini vurğulayıb ki, ermənilər çirkin əməllərindən əl çəkməsələr, Azərbaycan torpaqlarını və girovları düşməndən müharibə yolu ilə azad etməyə məcburdur: “Ermənilər bütün dünyaya özlərini qeyri-konstruktiv xalq kimi göstəriblər. Dünyada elə bir ölkə yoxdur ki, 4 yerdən idarə olunsun. Ermənistanı ABŞ-dakı erməni lobbisi, Rusiya, kilsə və dövlətə rəhbərlik edən faşist erməni rejimi idarə edir. Beynəlxalq təşkilatlar açıq şəkildə Ermənistanın tərəfini tutur. Ona görə də bizə özümüzdən, dövlətimizdən başqa keç kim heç nə edən deyil”.
Ə.Həsənov onu da qeyd edib ki, ölkə rəhbərliyi əsir və girovluqda olan şəxslərin azad edilməsi məsələsini daim diqqətdə saxlayır.



