
Məşhurlar samboçu Bəxtiyar Abbasovun hərəkətinə qiymət verdilər
Azərbaycanlı samboçu Bəxtiyar Abbasovun Moskvada, mükafatlandırılma mərasimində, kürsüdə Ermənistanın dövlət himninə oturmaqla etinasızlıq göstərməsi ölkədə böyük ajiotaj yaratdı.
Bir çoxları bu hərəkəti qürur doğuracaq addım kimi qeyd etsə də, olaya başqa rəng verib, ortada “erməni motivi”nin olmadığının iddia edən, hətta belə cəsarətli addımı qınayanlar da oldu. Məsələn, sambo üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Yaqub Abdullayev hadisə ilə bağlı bildirdi ki, guya Bəxtiyar himn səsləndirilən zaman özünü yaxşı hiss etmədiyindən ayağa durmayıb. “Məsələni siyasiləşdirmək lazım deyil. İdman siyasət deyil axı? O da insandır və özünü pis hiss edə bilər” – deyə baş məşqçi iddia edib.
Lakin videodan da göründüyü kimi, Bəxtiyar himn bitən kimi ağaya durub, şəkil də çəkdirib və qətiyyən halı pisləşən adam təəssüratında olmayıb. Üstəlik belə bir məlumat da var ki, Bəxtiyar Abbasov qalib erməni olduğu üçün mükafatlandırma mərasiminə çıxmaq istəməyib. Lakin yığma komandanın rəhbərliyi tərəfindən cəzalandırılacağı söyləndikdə məcburən kürsüyə qalxmalı olub.
Azərbaycan Sambo Federasiyasının (ASF) prezidenti Ceyhun Məmmədov mətbuata açıqlamasında bildirib ki, 90 kq çəki dərəcəsində yer alan B.Abbasov ən azı 2 il müddətinə bütün yarışlardan diskvalifikasiya ediləcək. Onun sözlərinə görə, bu barədə Avropa və Beynəlxalq Sambo Federasiyasının prezidenti Sergey Yeliseyev məlumat verib. Ceyhun Məmmədov onu da qeyd edib ki, yaxın vaxtlarda FİAS-ın İntizam Komitəsinin toplantısı keçiriləcək və qərar rəsmiləşəcək.
Sergey Yeliseyev Avropa Sambo Federasiyasının rəsmi saytına Bəxtiyar Abbasovun davranışını pisləyən açıqlama da verib. O, Azərbaycan yığmasının üzvünün idmançıya yaraşmayan hərəkətə yol verdiyini bildirib. S.Yeliseyevin fikrincə, belə idmançı Dünya Kubokunun mükafatçısı olmağa layiq deyil: “Qaydaları və etikanı pozan idmançı yarışlardan kənarlaşdırılmalı və medaldan məhrum edilməlidir. İdmançının gələcək beynəlxalq turnirlərdə iştirakına dair qərarı FİAS-ın İntizam Komitəsi çıxarmalıdır”.
Bəs görəsən erməni himni səslənərsə tanınmışlar necə hərəkət edərdi?
Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə musavat.com-a mövzunu şərh edərkən deyib ki, idmançımızın bu hərəkəti xalqımız barədə mənfi rəy yarada bilər: “Unutmaq olmaz ki, biz də dünyanın bir parçasıyıq, bizim torpaqlarımız işğal olunub və bu cür addımlar ümumi problemimizə heç bir yardım edə bilməz. Bir tərəfdən də bu cür olay bizim millətimizə baş ucalığı gətirmir, xalqımız haqqında heç də müsbət fikir yaratmır. Bizim bütün çabalarımız millət və xalq üçün olmalıdır.
İdmançımızın da üzərinə gedə bilmərik. Onu da anlamalıyıq, özü qarabağlıdır, qohumları erməni vəhşiliyinin qurbanı olublar. Bu ağrı ona bir köynək yaxındır. Lakin sambo və digər yarışların bir qaydası var-hansı ölkənin idmançısı qalibdirsə həmin ölkənin himni səslənir. Əgər hər hansı bir idmançı bu yarışa qatılırsa deməli, o yarışın bütün qanun-qaydalarına əməl etməlidir”.
“Bəs siz bu cür durumda nə edərdiniz?” sualımızı millət vəkili bu cür cavablandırdı: “Fikrimcə, heç bir problem olmazdı. Çünki mənim heç bir millət və xalqa qarşı kinim, düşmənçiliyim yoxdur. Mən ərazimdə separatçılıq edən, xalqıma düşmən kəsilənlərə qarşı mübarizə aparmışam və aparıram. Bütün millətlərin adət-ənənələrinə, atributlarına hörmətlə yanaşıram və ölkəmin də atributlarına hörmətlə yanaşılmasını hər zaman tələb edirəm”.
“Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Ərəstun Oruclu bu məsələdə idmançımızı deyil, medianı qınadığını dedi: “Biz məşqçinin açıqlamasını gördük, orda bildirilirdi ki, idmançı xəstə olduğuna görə himn səslənəndə kürsüdə əyləşib. Lakin hamı bilir ki, bu, doğru açıqlama deyil. Fikrimcə, məşqçinin olayı bu cür təqdim etməsinə səbəb gələcəkdə idmançımızın yarışlardan uzaqlaşdırıla biləcək ehtimalı olub. İstənilən halda bu cür hərəkət digər dövlətin himninə qarşı hörmətsizlik hesab olunur.
Bu məsələdə mən idmançımızı deyil, olayın ətrafında ajiotaj yaradan, millətçilik, vətənpərvərlik şousu düzəldən media və ictimai xadimləri qınayıram.
Azərbaycanın 20 faiz torpağı işğal altındadır, bu cür xırda hadisələrlə xalqa təsəlli vermək, onu aldatmaq, onun hissləri ilə oynamaq mənəviyyatdan uzaq bir hərəkətdir”.
Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu samboçu Bəxtiyar Abbasovun bu hərəkətinin yanlış olduğunu dedi. Onun sözlərinə görə, idmançı etiraz olaraq daha yaxşı metod tapmalı idi: “Bəxtiyar Abbasov bu cür etiraz etməkdənsə qalib gəlməyi bacarardı. Azərbaycan həmişə idman sahəsində ermənilərdən yüksəkdə dayanıb. İndi vəziyyət belə alınıbsa gərək etiraz olaraq başqa yol seçərdi.
Mən samboçumuzu qınamıram. Onun yaxınlarından xeyli insan erməni terrorçuları tərəfindən öldürülüb. Lakin fikirləşmək lazımdır ki, nə vaxtsa biz də qalib gəlsək ermənilər bayrağımıza və yaxud himnimizə qarşı hörmətsizlik edə bilər. Bu cür məsələlərə incəliklə yanaşmaq lazımdır. Hesab edirəm ki, onun oturmaqla etiraz etməsi yaxşı tendensiya deyildi”.
R.Kərimoğlu Bəxtiyar Abbasovun yerinə olsa, onun etdiyini təkrarlayardımı? Qarabağ qazisi suala belə cavab verdi:
“Xaraktercə çox emosional insanam. Bəlkə də o erməni idmançını döyər və yaxud onun bayrağını cırardım. Lakin bu “bəlkə”dir, o anda hansı hərəkət edə biləcəyimi ağlımdan keçirməmişəm”.
Müsavat.com saytının baş redaktoru, yazar Xalid Kazımlı olaya bu cür münasibət bildirdi:
“Bu məsələyə birmənalı yanaşmaq olmur. İdmançımız bizə düşmən olan, başımıza yüz bir faciə gətirmiş bir dövlətin himninə laqeydliklə qula asa bilməzdi. Xüsusilə də söhbət doğma yurdu yağmalanmış, qohumları öldürülmüş, ev-eşiyindən didərgin salınmış idmançıdan gedirsə. Onun yerində biz də olsaq, ixtiyarsız olaraq nəsə bir qeyri-adekvat hərəkət edərdik. Bəzən adam hissə qapılaraq konvensiyalara, nizamnamələrə məhəl qoymaya bilər. Ancaq şəxsən mənə görə, o, yerə oturmamalıydı, çünki bu hərəkət diz çökmək kimi çıxır, üzünü o tərəfə döndərməliydi, yaxud da nəsə başqa bir nümayişkaranə sayğısızlıq etməli idi.
Ermənistan 100 ildən artıqdır bizimlə düşmənçilik aparır, hələ ən azı yüz il də aparacaq. Ona görə də ermənilər və heç kəs bizdən o dövlətə sayğı və hörmət gözləməməlidir. Çox günahsız adamın qanını töküblər, bizə çox zərər vurublar. Yəhudilərin yanında 3-cü Reyxin himni çalınanda necə reaksiya verərlərsə, bizim üçün də bu, eyni haldır”.
Müğənni Əli Mirəliyev samboçunun hərəkətini alqışladığını dedi: “Bu olayı eşidəndə çox sevindim. Qəlbim qürur hissi ilə doldu. Çox yaxşı olardı ki, qalib bizim idmançımız olsun, lakin buna baxmayaraq idmançının himnə etiraz etməsini doğru hesab edirəm.
Ermənilər ta qədimdən Azərbaycana qarşı vəhşiliklər törədiblər. Hazırda 20 faiz torpaqlarımız işğal olunub, 1 milyon qaçqın və köçkünlərimiz dədə-baba yurdlarından didərgin düşüblər. Ermənilər əsirlikdə olan insanlarımıza qarşı görünməmiş, insanlığa sığışmayan vəhşiliklər ediblər və bu hələ də davam edir. Belə olan halda erməni himnini ayaq üstə dinləmək mümkünsüzdür. Mən də o idmançının yerində olsaydım erməni himnini bu cür qarşılayardım”.
Qeyd edək ki, bəzi media qurumlarında Bəxtiyar Abbasovun olaydan sonra erməni idmançısından üzr istədiyi barədə məlumatlar yayıldı. Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov bu barədə açıqlama verərək məlumatları təkzib edib. Səfir müavini idmançıya dəstək olduğunu da gizlətməyib və yarışı Rusiya Dövlət Dumasının deputatları, tanınmış nüfuzlu idman xadimləri ilə birlikdə prezidiumda əyləşib izləsə də, erməni idmançısının qalib olduğunu görüncə prezidiumu tərk etdiyini açıqlayıb.
Xatırladaq ki, Rusiyanın paytaxtı Moskvada keçirilmiş və Anatoli Xarlampiyevin xatirəsinə həsr olunmuş sambo üzrə Dünya Kuboku uğrunda yarışda qaliblərin mükafatlandırılması zamanı 3-cü yeri tutmuş samboçumuz Bəxtiyar Abbasov 1-ci yerin sahibi Aşot Danielyanın şərəfinə səsləndirilən Ermənistanın himnini ayaq üstə dayanaraq dinləməkdən imtina edib və nümayişkaranə şəkildə aşağı əyilib.