Ermənistan hakimiyyəti Azərbaycanın Qarabağ regionunun bir hissəsində müvəqqəti məskunlaşan rus sülhməramlılarının məsuliyyət zonasında yerləşdirilmiş erməni əhali üçün daha 27 milyon dollar (13,575 milyard dram) ayırıb.
Bu barədə Ermənistan NK qərar qəbul edib.
“Analoji qərar bu il artıq 5-ci dəfədir qəbul edilir. İyula qədər 65 milyard dram (130 milyon dollar) ayrılmışdı. İyuldan isə ümumi məbləğ daha 57 milyard dram (114 milyon dollar) artırıldı”, – Ermənistanın maliyyə naziri Tiqran Xaçatryan deyib.
Onun sözlərinə görə, son ayrılan və noyabr üçün nəzərdə tutulan 13,6 milyard dramın 3,2 milyardı (6,4 milyon dollar) əmək haqlarının ödənməsinə, 1,2 milyardı (2,4 milyon dollar) pensiyaya, 350 milyonu (700 min dollar) uşaq bağçalarına, 245 milyonu (490 min dollar) kənd icmalarına dotasiya, 1,35 milyardı (2,7 milyon dollar) qaz və elektrik enerjisinə görə əhaliyə kompensasiya olaraq veriləcək.
Nazir deyib ki, vəsait yalnız sosial məsələlərə deyil, həm də infrastruktur, kənd təsərrüfatının inkişafı, yaşayış yerlərinin nizamlanmasına ayrılır.
Nikol Paşinyan isə 2021-ci il ərzində Qarabağdakı ermənilərə 120 milyard dram (240 milyon dollar) ayrıldığını, 2022-ci ildə bu rəqəmin 144 milyard (288 milyon dollar) olacağını bildirib.




