Yenə bir bina potyomkin üzlüyündən yandı. Bizim də binamıza ondan çəkiblər. Kənardan gözəl görünürmüşük. İndi necə görünürük görən? Nə qədər dirəndik, izah etdik, “təhlükəlidir, gün işığı görmürük, ikiqat pəncərə istəmirik” – dedik, xeyri olmadı, dinləmədilər.
Mətbuat yazdı ki, minadı bu üzlüklər. Yapmayın dedi. Kimlərinsə biznesi idi o materiallar gətirib yapışdırdılar həyatımıza. Nə edək, bütün xalq olaraq kütləvi köç edək bu məmləkətdən? Necə yaşayaq bu binalarda bu təhlükəylə. Bizim ağlımız kəsmir, siz bir ağıllı təklif verin. Nə edək? Tragikomik durumdu. Bir vertolyot gedir su doldurur gəlir, binanın üstünə su çiləyib gedir yenə su doldurmağa. Adamlar da içəridə qalıb. Bir ana uşağını qoyub evdə, düşüb çörək almağa, qayıdana kimi bina yanıb. Uşaq içəridədi. Ananı yaxına buraxmırlar. Ürəyi dayanacaq qadının. Bizim qosqoca nazirliyimizin elə bircə dənə vertolyotu varmış. Sonuncu mərtəbədə yanğının içindən saatla əl edən uşağı çıxarmağa kranımız yoxmuş. Bəs o mərtəbəyə təhlükəli üzlük necə çəkilib? Çəkmək olur, uşağı xilas etmək olmur? Bizim bir kranımız, iki vertolyotumuz yoxdu, niyə bu qədər özümüzdən razıyıq o zaman? Bayaqdan yanan binanın sonuncu mərtəbəsindən əl edən uşağı izləyir hamı. Dəqiq də bilmədim, anayla uşaqdı, yoxsa təkdi. Polislər yenə jurnalistləri itələyir. Adamlara hərbə-zorba gəlir. Əl atıb kənara yıxır. Dərdinə yaxından baxmağa da ixtiyarı yoxdu bu xalqın. Eləcə uzaqdan köks ötürməliymiş. Yenə tək-tük qadın deyinirdi öz-özünə. Yenə qadınlar deyirdi, etiraz edirdi, bəlaların səbəblərini sadalayırdı. Kişilər izləyirdi sakitcə. Ölkə kişilərinin necə sındırıldığını görmək dəhşətlidi. Fakt reallıq kimi qarşına çıxıb gözünə girirsə, özünü aldatmağa da şansın yoxdu. Reallıq budu. Bu ölkənin kişiləri sındırılıb. Potyomkin üzlüyü ilə xalqı yandıran icra başçısı da bunu demişdi. Düz üzümüzə. Necə yandığına mal kimi baxan kütləni izləmək çox ağırdı. Bu üzlüklərin fəlsəfəsi çözüldü nəhayət. Bizim hamımızı bir yerə doldurub yandırmaq imiş niyyət. Başqa nə ola bilər? Fövqəladə Hallar Nazirliyi gərək çoxdan tədbir görəydi. İndidən vertolyotlarınızı hazır saxlayın. Lazım olacaq. Ya da icra hakimiyyətlərinə “necə tikmisinizsə, elə də sökün” deyin. Buna gücünüz çatar, əminik. Birinci bina yananda dərhal hərəkətə keçmək gərəkdi. İndidən edin, sonra vertolyotla nəyisə dəyişmək olmayacaq. İnsanların yuvası dağılır, xəstəxanaya düşürlər, əzizlərini, həyatlarını itirirlər. Necə olacaq bu işlərin axırı? Axır deyəndə ki, axır necə olur ki? Axırdı artıq. Bu da terror deyil, aksiya deyil kiminsə üstünə yıxaq. Mənfur qara qüvvələrin ölkəmizin pərvazlanmasını, çiçəklənməsini gözü götürmür, deyək. Yeri yoxdur. Qonşuluqda yaşayanlar tökülüşüb külə dönmüş binaya tamaşa edir. Ancaq kimsə əlinə balta alıb öz binasındakı üzlüyü sökmür. Hamımız yanacağımız günü gözləyirik. Xalq başına gələnlərə layiqdi…
Aysel Əlizadə
Fotolar müəllifindir








