Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “AMAY” ticarət mərkəzinin həbsdə olan rəhbəri Abdulla Abdullayevin, habelə Heydər Rzayev, Mehman Məmmədxanlı, Elşən Novruzov, Vidadi Qurbanov və Nadejda İlyasovanın barəsində olan cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.Virtualaz.org xəbər verir ki, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə 5 nəfər zərərçəkən ifadə verdi.
Zərərçəkən Leyla Ağayeva təqsirləndirilən şəxsləri tanıdığını, “Xudafərin” MMC-dən 13 il əvvəl ev aldığını, lakin bina tam təhvil verilmədiyi üçün köçə bilmədiyini söylədi. O, müqaviləni nə Abdulla Abdullayevlə, nə də təqsirləndirilən şəxslərin heç biri ilə bağlamadığını dedi, onlardan şikayətçi olmadığını bildirdi.
Zərərçəkən Vüqar Səfərov da şikayətçi olmadığını bildirib dedi ki, iki ev alıb, amma təmirə maddi imkanı yoxdur, şikayətçi deyil.
Zərərçəkən Abdulla Dəmirov 2003 -cü ildə “Xudafərin” MMC-dən ev aldığını, bina tam tikilməsə də onu qane etdiyini vurğuladı: “Heç bir şikayətim yoxdur”.
Zərərçəkənlər müqaviləni A.Abdullayevlə deyil, “Xudafərin” MMC ilə bağladıqlarını dedilər.
Zərərçəkmiş Əbülfəz Abdullayev də şikayətinin olmadığını desə də vəkillərin sualına cavab olaraq bildirdi ki, binanın gec təhvil verilməsi ilə bağlı bir il öncə Korrupsiya İdarəsinə ərizə ilə müraciət edib.
A.Abdullayev zərərçəkənə bildirdi ki, binanın gecikməsinə səbəb şikayətçilərin özləri və Baş Prokurorluqdur: “Sizin şikayətinizə görə Baş Prokurorluq 3 dəfə tikintini dayandırıb, binaya həbs qoyub. Gül kimi iş gedirdi, Korrupsiya İdarəsi yenə gəlib dayandırdı. İndi gedin evinizi o idarədən tələb edin, binanı tikib təhvil versin”.
Qeyd edək ki, təqsirləndirilən şəxslərdən yalnız A.Abdullayev barəsində həbs-qətimkan tədbiri seçilib, digər şəxslər isə zamindədirlər.
A.Abdullayev ötən il aprelin 4-də həbs olunub. Onunla bağlı İqtisadiyyat və Sənaye Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondundan daxil olmuş material Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
A.Abdullayevin həbsi ilə bağlı Baş Prokurorluğun mətbuat xidmətinin zamanında yaydığı məlumata görə, ilkin araşdırma zamanı toplanmış sübutlar əsasında Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israfetmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanıb.
İstintaq müəyyən edib ki, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş Abdulla Abdullayev vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti təyinatı üzrə istifadə etməyib.
İstintaqın gəldiyi qənaətə görə, vəsaiti ayrı-ayrı hüquqi şəxslərin müvəkkil bank olan “Birlikbank” ASC-də açdırdığı hesablaşma hesablarına köçürülməklə həmin vəsaiti faktiki rəhbəri olduğu “A.M.A.Y” MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə xərcləyib.
Özgənin külli miqdarda əmlakını mənimsəməsində şübhələr üçün ciddi əsaslar olduğundan A.Abdullayevə Cinayət Məcəlləsinin qeyd olunan maddələri üzrə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.



