Hər iki qardaşın apellyasiya şikayəti təmin edilməyib
Həbsdə olan Müsavat başqanının müavini Fərəc Kərimli və qardaşı Sirac Kərimlinin oktyabrın 17-də Bakı Apellyasiya Məhkəməsində şikayətlərinə baxılıb. Proses saat 11:30-da başlayıb. Hər iki qardaşın apellyasiya şikayətləri təmin olunmayıb.
Bu barədə musavat.com-a qardaşların vəkili Nemət Kərimli məlumat verib. Vəkil məhkəmə prosesi barədə bunları deyib: “Sirac Kərimli ilə bağlı iki məhkəmə prosesi var idi. Həbsin ev dustaqlığı ilə əvəz olunması və həbs müddətinin uzadılması bağlı. Şikayətlərin heç biri təmin edilmədi. Fərəc Kərimlinin isə, Nərimanov Rayon Məhkəməsinin həbs müddətini ev dustaqlığı ilə əvəz etməməsi ilə bağlı çıxardığı qərardan verdiyimiz şikayətə baxıldı. Bu şikayətimizdə təmin edilmədi. Hər iki qardaş məhkəməyə gətirilmişdi. Özlərini yaxşı hiss edirdilər”.
Qeyd edək ki, Fərəc Kərimli iyulun 23-də həbs edilib. Onun həbsindən bir həftə əvvəl qardaşı Sirac Kərimli həbs edilib. Hər iki qardaşa qarşı Cinayət Məcəlləsinin 234.4.3 maddələri ilə (kütləvi şəkildə narkotik maddələr əldə etmə, saxlama və satma) cinayət işi açılıb. Onları bu maddə üzrə 7 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir.