Millət vəkili Fazil Mustafa Moderator.az-a açıqlamasında Dağlıq Qarabağ probleminin “xristian təəssübkeşliyi” səbəbi ilə həll edilməməsi ilə bağlı səslənən
fikirləri şərh edib. F.Mustafa məlum problemin həll edilməməsini yalnız “xristian təəssübkeşliyi” ilə əlaqələndirməyin düzgün olmadığını vurğulayıb:
“Şübhəsiz ki, hər bir dövlətin marağı dini təəssübkeşlikdən daha önəmlidir. Bu baxımdan təbii ki, Dağlıq Qarabağ problemini xristian təəssübkeşliyi ilə əlaqələndirmək o qədər də məntiqli görünmür. Əgər hər şey sırf bu aspektdən həyata keçirilsəydi, o zaman Ermənistana dəstək verən Rusiya Gürcüstana müdaxilə eləməzdi. Halbuki, Ermənistanla müqayisədə Gürcüstan dini baxımdan Rusiyaya daha yaxındır. O zaman sual meydana çıxır? Niyə Ermənistana dəstək verən Rusiya Gürcüstanla münaqişəyə getdi? Bir sıra xristian ölkələri var ki, ABŞ-ın ona yanaşması və onunla bağlı siyasəti fərqlidir və heç də “xristian təəssübkeşliyi” anlayışı ilə bir araya sığmır. Ona görə də Dağlıq Qarabağ problemini xristian təəssübkeşliyi müstəvisində dəyərləndirmək ciddi səslənmir. Biz çalışmalıyıq ki, bu məsələdə öz siyasətimizi qəbul etdirəcək mövqe sərgiləyək. Təbii ki, müsəlmanlıq, xristianlıq amili var. Lakin bu, dövlətlərin siyasətində o qədər də önəmli yer tutmur”



