Quldarlıqda ittiham olunan fermerin vəkili danışdı 
Ağstafa sakini, fermer Şahin Əliyev Ukrayna vətəndaşı Aleksandr Zıkovu məcburi əməyə məcbur etməkdə təqsirli bilinərək həbs olunub. Hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsində Ağstafa rayonu, Köçəsgər kənd sakini, 1960-cı il təvəllüdlü Şahin Kərəm oğlu Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilir. Bu haqda virtualaz.org saytı xəbər yayıb. Xəbərdə Ş.Əliyevin A.Zıkovu qul kimi saxlayıb işlətməkdə, onun sənədlərini əlindən almaqda ittiham olunduğu qeyd edilirdi.
Müttəhimin vəkili Ceyhun Yusifov “Yeni Müsavat”a deyib ki, əslində Ukrayna vətəndaşının qul kimi saxlanılması faktı baş verməyib: “Şahin Əliyev Aleksandr Zıkova bir insan kimi yaxşılıq etməsinin bədəlini çəkir. Onu həbs edib aylardır yaxınlarından ayırıblar. Zıkov Ukrayna vətəndaşıdır. O, Azərbaycana 1992-ci ildə gəlib. Ölkəmizin hər bir rayonunu tanıyır. Çünki bu adam demək olar ki, Azərbaycanın bütün rayonlarında işləyib. Son iş yeri də Ağstafa rayonu olub. Spirtli içkilərə meyllidir. Şahin Əliyev onun küçələrdə yaşadığını görüb və özünün fermasında, çobanlarının yaşadığı evdə qalmağa yer verib. Zıkov fermada işləyib və Şahin Əliyev də bunun müqabilində onun ehtiyaclarını qarşılayıb”.
Vəkil deyib ki, müvəkkili ittihamı qəbul etmir: “Çünki Zıkovu məcburi əməyə cəlb etməyib. Bu necə qul kimi saxlamaqdır ki, Aleksandr Zıkovun sərbəst hərəkət etmək imkanı olub? Bundan başqa, o, Şahin Əliyevin fermasında qaldığı dövrdə ferma sahibi – yəni Şahin Əliyev 2 il Rusiyada olub. Bu adam qul idisə, niyə həmin dövrdə qaçıb getmirdi? Və ya niyə gedib hüquq-mühafizə orqanlarına şikayət etmirdi? Qulun da əlində mobil telefon olar? Qul kənddə toylara gedib yeyib, içib şənlənər? Axı bu videolar da var. Hətta Şahin Əliyev bir neçə il Rusiyada olarkən Zıkov digər rayonlarda könüllü şəkildə vətəndaşların fermer təsərrüfatlarında çalışıb. Onun üzərində daim mobil telefon olub. Əgər Zıkovun dediyi kimi, Şahin Əliyev tərəfindən məcburi saxlanılmışdısa, ferma sahibi uzun müddət Rusiyada olan zaman həmin ərazini tərk edərdi”.
Vəkil məhkəmənin müvəkkili barəsində ədalətli qərar veriləcəyinə ümid etdiyini də açıqlayıb.
E.MƏMMƏDƏLİYEV