
“Azərbaycanın IV dəfə belə bir mötəbər tədbirə ev sahibliyi etməsi beynəlxalq miqyaslı hadisədir”. Bunu SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Foruma qatılanların sayının ildən-ilə artdığını deyən E. Mirzəbəyli söyləyib ki, belə bir tədbirin Azərbaycanda keçirilməsi təsadüfü deyil:“Azərbaycan multikultural ənənələrinə görə, bütün dünyada tanınır və nümunə kimi göstərilir. 2016-cı il ölkəmizdə multikultiralizm ilidir və bu il çərçivəsində belə bir beynəlxalq tədbirin keçirilməsi, digər tədbirlərə rəng qatacaq. IV Qlobal Bakı Forumunun nəticələri bütövlükdə dünyada gedən proseslərə təsir göstərəcək, dialoqun, ünsiyyətin nə qədər önəmli olduğunu bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdıracaq. Forum beynəlxalq münasibətlər sistemində öz yerini tutmuş, kifayət qədər nüfuz qazanmış tədbirdir. Tədbir bu gün dünyada mövcud olan problemlərin, müzakirə olunması və çıxış yollarının tapılması, eləcə də humanitar fəlakətlərin, münaqişələrin qarşısının alınması üçün əlverişli, bəlkə də ideal bir platformadır”.



