Əvvəlcə, nazir Kəmaləddin Heydərov və millət vəkili Siyavuş Novruzov Akademiyanın həyətində ümummilli lider Heydər Əliyevin xatirəsinə ucaldılmış abidənin önünə əklil qoymuşlar.
Toplantıda çıxış edən fövqəladə hallar naziri Kəmaləddin Heydərov Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin doğum günü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Nazir ulu öndərin hakimiyyətdə olduğu dövrlərdə respublikamızın tərəqqisi, xalqımızın rufahının yüksəldilməsi istiqamətində misilsiz xidmətlərindən bəhs etmiş, vətəndaş müharibəsi həddinə çatmış Azərbaycanda dövlətçiliyi qoruyaraq həyata keçirdiyi xilaskarlıq missiyasından danışmışdır. Nazir bildirmişdir ki, ulu öndərin həyatda olmadığı 12 il ərzində onun möhkəm bünövrəsini qoyduğu dövlətçiliyimiz ümummilli liderin müdrik siyasətinin layiqli davamçısı, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən daha da möhkəmləndirilmiş, respublikamızın beynəlxalq nüfuzu artmışdır. “Avropa Oyunları təkcə idman tədbiri deyil, Avropanın bizə olan inam və etibarıdır”, – deyən nazir nəzə çatdırmışdır ki, qarşıdan gələn beynəlxalq miqyaslı tədbir ölkəmizin regional lider imicinin və dünya birliyindəki yerinin möhkəmlənməsində müstəsna rol oynayacaqdır. Son illər ərzində iqtisadiyyatımızın daha da inkişaf etdiyini, insanların həyat səviyyəsinin yüksəldiyini diqqətə çatdıran natiq fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması işinə məsul olan Fövqəladə Hallar Nazirliyinə göstərdiyi daimi diqqət və qayğıya görə dövlət başçısına dərin təşəkkürünü bildirmişdir.
Toplantıda çıxış edən millət vəkili Siyavuş Novruzov ümummilli liderin zəngin siyasi fəaliyyətindən bəhs edərək bildirmişdir ki, ulu öndər hər zaman xalqına, dövlətinə xidmət etmiş, fəaliyyətinin bütün dövrlərində respublikamızın inkişafı, xalqımızın xoşbəxt gələcəyinin təmin olunması üçün var gücü ilə çalışmışdır. Məhz onun titanik səyləri, yorulmaz fəaliyyəti və müdrik uzaqgörənliyi sayəsində dağılmaq təhlükəsindən xilas olan Azərbaycan bu gün dünyada söz sahibinə çevrilmişdir. Ulu öndərin müəyyən etdiyi mütərəqqi siyasi xətt bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən böyük məharətlə davam və inkişaf etdirilir.



