Fransada bir gəncin polis gülləsi ilə ölməsi ilə başlayan hadisəli etirazların 5-ci gecəsində paytaxt Paris və Marseldəki nümayişlər yanğına səhnə oldu. 121 nəfər saxlanılarkən, məşhur “Champs-Elysées” küçəsi boşaldılıb. Digər tərəfdən, bir çox ifrat sağçı qrupun nümayişçilərə müdaxilə etmək üçün küçələrə çıxdığı iddia edilib.
Sosial mediada əks olunan görüntülərdə nümayişçilərin Parisin bir çox nöqtəsində yanğınlar törətdiyi bildirilib. Barbes rayonunda etirazçılar polisə atəşfəşanlıqla hücum edib, qurduqları barrikadaları yandırıblar.
Elchi.az xəbər verir ki, Daxili işlər naziri “Gerald Darmanin” Parisdə axşam saatlarında başlayan nümayişlərdə saxlanılanların sayının 80-ə yüksəldiyini açıqlayıb.
Darmanin qeyd edib ki, hadisələrin şiddətləndiyi Marseldə 55 nəfər polis tərəfindən saxlanılıb.
Fransanın BFMTV telekanalı xəbər verir ki, bir çox şəhərlərdə baş verən hadisələr nəzarətdən çıxdıqdan sonra merlər asayişin bərpası üçün hökumətdən daha effektiv kömək istəyiblər.
Ölkənin bir çox bölgələrində indiyədək davam edən hadisələrdə 2000-ə yaxın adam saxlanılıb, 200-dən çox polis əməkdaşı yaralanıb.
Nuranə Məmmədova





