“Charlie Hebdo”da qətliam törədənlər yenidən terrora əl atdılar; Parisdə isə yəhudilərin yığışdığı mağazada beş nəfər girov götürüldü;
Eyfel qülləsi ətrafında atışma; dünya şokda…
Yanvarın 7-də “Charlie Hebdo” jurnalına silahlı basqın edərək 12 nəfəri öldürən terrorçuların axtarışı Fransaya dərd üstünə dərd gətirib. Vaxtilə “əl-Qaidə” terror təşkilatının sıralarında olan Səid Kuaşi və qardaşı Şərif Kuaşinin həbsinin asan olmayacağı aydın idi, amma terrorçuların ələ keçməmək üçün daha bir dəhşətli olay törədəcəyini isə çoxları gözləmirdi.
Yanvarın 9-da Kuaşi qardaşları Fransanın Danmartin-en-golede şəhərində əvvəl avtomobil dayanacağında “Pejo” markalı avtomobili oğurlayıb iki nəfəri girov götürüblər.
Fransanın daxili işlər naziri bildirib ki, terrorçular polislə atışa-atışa bir zavod binasına sıxışdırılıblar. Terrorçular zavodda da 10-dan çox adamı girov götürüb. Cinayətkarların tutulması üçün polis səfərbər edilib, havaya vertolyotlar qaldırılıb. Ərazidə sakinlərin çölə çıxmasına qadağa qoyulub. Əməliyyata 90 min polis və əsgər cəlb olunub.
Ərazidəki məktəblər bağlanıb. Bundan sonra terrorçularla polis arasında saatlarla sürən danışıqlar başlayıb.
Terrorçu qardaşlar mühasirədə olarkən onlar haqda maraqlı məlumatlar yayılıb. 10 il əvvəl “Pittsburq Tribune” telekanalına verdiyi müsahibədə qardaşlardan biri, 22 yaşlı Şəruf Kuaşi dindar olmadığını bildirərək, içki içdiyini, marixuana istifadə etdiyini, qız dostları ilə birlikdə yaşadığını və pitsaçı işlədiyini deyib. Daha sonra Kuaşi rep dediyi və rəqs etdiyi videonu da telekanala təqdim edib. Şərif Kuaşi 2005-ci ildə müsəlmanların İraqa döyüşə getməsinə yardımçı olduğu ittihamı ilə polis tərəfindən qısa müddətə həbs olunubmuş. Həmin müsahibə isə həbsdən çıxdıqdan sonra alınıb.
2008-ci ildə 18 ay həbs cəzasına məhkum edilən Kuaşi məhkəmədə hakimə bir supermarketdə çalışdığını, lakin əsl məşğuliyyət sahəsinin rep musiqisi olduğunu danışıb.
Kuaşi qardaşlarının adı 2010-cı ildə Əlcəzair İslam Ordusu silahlı qruplaşmasının bir üzvünü həbsdən qaçırmaq ittihamında çəkilib. Lakin yetərli dəlillər olmadığından qardaşlar həbs olunmayıblar.
Fransa prezidenti Fransua Olland ölkəsində terror aktlarının davam edə biləcəyini istisna etməyib.
APA-nın “Sabah”a istinadən verdiyi məlumata görə, “Charlie Hebdo” jurnalının redaksiyasına terror hücumunda şübhəli bilinən şəxslərin saxlanılması məqsədi ilə keçirilən əməliyyata rəhbərlik edən F.Olland “hücum edən şəxslər hələ tutulmayıb, əməliyyat davam edir. Hazırda əlimizdən gələn edirik, ölkəmizi qorumağa çalışırıq”, – deyə Fransa prezidenti qeyd edib.
O bildirib ki, dekabr ayından indiyədək müxtəlif kəşfiyyat məlumatları əldə olunub. F.Ollanda Fransanın yeni hücumlarla üzləşəcəyini istisna etməyib: “Bu hücumlardan sonra müxtəlif bölgələrdə nümayişlər olacaq. Buralarda təhlükəsizlik təmin olunmalıdır və xalqımız terrora qarşı mövqeyini ortaya qoymalıdır. Təkcə Parisdə deyil, kəndlərdə belə nümayişlər keçirilir. Hər kəs terrora qarşı bir olmalıdır. Fransa güclü dövlətdir, biz öz vətəndaşlarımızı qoruyacağıq”.
Fransa Daxili İşlər Nazirliyi 20-ci sahədəki mağazada insanları girov götürməkdə şübhəli bilinən şəxsləri axtarışa verib. “The Guardian” qəzeti xəbər verir ki, bunlar Həyat Bumeddyen adlı, 1988-ci il təvəllüdlü qız və 1982-ci il təvəllüdlü qaradərili gənc Amedi Kulibalidir.
***
Terrorçu qardaşların təslim olması üçün danışıqlar aparılarkən Fransa daha bir terror olayı ilə sarsılıb. Bu dəfə Parisdə naməlum şəxs aralarında qadınlar və uşaqlar olmaqla bir neçə adamı girov götürüb.
Hadisə yəhudilər üçün nəzərdə tutulan mağazada baş verib. Atışma zamanı bir nəfər yaralanıb. Fransa mətbuatı həmin şəxsin Paris qətliamından bir gün sonra qadın polisi öldürən şəxslə eyni adam olduğunu yazıb. “The Guardian”ın yazdığına görə isə mağazada beş nəfəri girov götürən şəxs və “Charlie Hebdo”da terror törədən qardaşlar bir-birilərini tanıyırlar.
Bundan başqa, girovları götürən şəxsin hadisə zamanı polislərə qışqıraraq “siz bilirsiniz mən kiməm”, – dediyi məlum olub.
Axşam saatlarında isə Paris polisi metronun şəhərin mərkəzində – Eyfel qülləsinin yaxınlığında yerləşən “Trokadero” stansiyasını bağlayıb, şəhərdə atışma gedib.
Virtualaz.org saytı “Le Mond” qəzetinə istinadən xəbər verir ki, metrodakı sərnişinlərin evakuasiyasına başlanılıb. Yerli KİV belə ehtimal edir ki, burada söhbət yeni terror aktı təhlükəsindən gedə bilər.
****
“Hizbullah” lideri Hasan Nəsrullah bir müraciət yayınlayaraq, baş verən terror olaylarını kəskin pisləyib. O, deyib ki, bu hadisələr İslama karikaturaların verdiyi zərərdən daha çox zərbədir.
Qeyd edək ki, Fransada, eləcə də dünyanın bir çox ölkələrindəki islam liderləri Paris terrorlarını qınayan mövqe nümayiş etdiriblər.
Qəzet çapa hazırlanarkən, Avropa informasiya qaynaqları məlumat yaydı ki, yəhudilərin girov götürüldüyü mağazada iki nəfər öldürülüb.(“Yeni Müsavat”)