
Elçin Şıxlı: “Belə götürdükdə, nə sizin, nə də mənim ağzımı yuman yoxdur, sadəcə…”; Zahid Oruc: ““Freedom House”un özünün azad və yaxşı ev olmadığını söyləyə bilərik”
“Freedom House” hüquq-müdafiə təşkilatı dünyada mətbuat azadlığının vəziyyəti ilə bağlı illik hesabatını açıqlayıb. Hesabatda göstərilir ki, son 12 ildə dünyada media azadlığının səviyyəsi ən aşağı həddə enib. 199 ölkənin yer aldığı hesabatda mətbuat “azad”, “qismən azad” və “azad olmayan” kimi təsnif edilir.
Bu dəfə də “Freedom House” Azərbaycanı son sıralarda göstərib. Belə ki, hesabatda Azərbaycanın adı “azad olmayan mətbuat” ölkələr sırasında 189-cu yerdə çəkilib. Təşkilatın hesabatı ölkəmizdə ciddi etiraz doğurub. Buna səbəb Ermənistanın 139-cu və Rusiyanın 176-cı yerdə göstərilməsidir. Əksəriyyət “Freedom House” təşkilatının Azərbaycana qərəzli münasibət sərgilədiyini iddia edir. Belə fikirlər də var ki, təşkilat bu hesabatı hazırlayarkən, Pərviz Həşimli və Rauf Mirqədirov hələ azadlığa buraxılmamışdı. Bu səbəbdən Azərbaycanın son sıralarda göstərildiyini düşünənlər də az deyil.
Son illərdə fəaliyyətini dayandırmağa məcbur olan “Ayna Zerkalo” qəzetinin baş redaktoru Elçin Şıxlı ölkədə medianın vəziyyətinin ağır olduğunu söylədi: “Fəaliyyətimizi dayandırmağımızın hesabata nə qədər təsirinin olduğunu deyə bilmərəm. Amma qeyd edim ki, hesabat hazırlananda Rauf Mirqədirov və Pərviz Həşimli məhbəsdə idi. Bir sıra məqamlar var ki, hesabata birbaşa təsir edir. Hesabat hazırlanan zamandan ölkəmizdəki medianın durumu ilə bağlı müəyyən qədər irəliləyişlər var. Amma ümumən götürdükdə mühit yaxşı deyil. Müstəqil şəkildə mətbuat orqanı saxlamaq üçün heç bir şərait yoxdur. Söz azadlığı o zaman olur ki, azad şəkildə peşə fəaliyyəti ilə məşğulsan, tənqid edirsən, əskikləri göstərirsən. Öz işini düzgün, qərəzsiz görürsənsə, hökumət mexanizmi səni məhv etməyə çalışmır. O halda media mühiti ölkədə sərbəst sayılır. Belə götürdükdə, nə sizin, nə də mənim ağzımı yuman yoxdur. Sadəcə olaraq, tənqid edəndən sonra elə bir şərait yaradılır ki, ağzımı açmağa qorxuram, yaxud ağzımı açmağa davam edirsəmsə, məni başqa ittihamlarla şərləyib həbs edirlər. Nəticədə fəaliyyətim məhdudlaşır. Bu göstəricilər ümumi mühiti yaradır. 7-8 il əvvəl Azərbaycan xarici mediaya açıq idi, amma indi qapanmışıq. Rusiyanı nəzərdə tutmuram, çünki onlar media deyillər. Bura gələndə ancaq təxribatla məşğul olurlar. Qərb media nümayəndələrini nəzərdə tuturam. Onların ayaqlarını buradan kəsmişik. Nəticədə xarici mediaya çıxışımız daralıb. Bunun özü reytinqə təsirini göstərir. Xarici jurnalistlər ölkəmizdə hansısa bağda çəkiliş apardığı zaman polislər tərəfindən saxlanılır və neçə saat bölmədə qalırlar. Buradan getdikdən sonra Azərbaycan barədə tənqidi məqalə yazırlar. Bu isə belə reytinqlərə birbaşa təsir edir. Söhbət ”Ayna Zerkalo”nun bağlanmasından, “Yeni Müsavat”ın kəskin yazıb-yazmamasından, “Azadlıq” qəzetinin isə çox savaşdığından getmir. Bunlar öz problemlərimizdir. Amma ümumilikdə xarici mediaya qapanmışıq. 1-2 jurnalisti bura gələ bilər. Onların sözünə isə baxan yoxdur. Daha çox bu sahədə dünyaya açılım etməliyik”.
İqtidaryönlü deputat Zahid Oruc bildirdi ki, “Freedom House”un hesabatı absurdluğun son nöqtəsidir:“Əminəm ki, Azərbaycanda onların qorumağa çalışdıqları mətbuat orqanlarının belə 189-cu yer təəccüblərinə səbəb oldu. Elə zənn edirlər ki, bizdə 2-3-cü alternativ fikri söyləyən mətbuat orqanları yoxdur. Ən zorakı, totalitar cəmiyyətlərdə müəyyənləşdirdikləri yeri ölkəmizə veriblər. Düşünürəm ki, ”Freedom House”un özünün yeri 189-cudur. Ona görə ki, mətbuatın yerini müəyyənləşdirməyin parametrləri var. Yeni-yeni saytların yaradılmasından, eləcə də mətbuata yaradılan şəraitdən çıxış edərək, Azərbaycanda bu sahədə heç bir problemin olmadığını düşünürəm. Azərbaycanda medianın dövlət məmurlarına qarşı xüsusi proses apardığının şahidi olmuşuq. Hər gün ya bir nazir “işdən çıxarılır”, ya da haqqında reallıqdan uzaq xoşagəlməz yazılar dərc olunur. Bununla bağlı bəzi məhkəmə çəkişmələri olub. Amma hakimiyyətin yuxarı pilləsinin daim bir mövqeyi olub ki, yazılarına görə mətbuat məhkəməyə verilməsin. Mətbuatın vəziyyətinə görə 189-cu olan ölkədə 1850-ci illər yaşanar. Bizdə mətbuat çıxmırmı? “Freddom House” yəqin zənn edir ki, Azərbaycanda, ümumiyyətlə, mətbuat fəaliyyət göstərmir. “Freedom House”un özünün azad və yaxşı ev olmadığını söyləyə bilərik. Qərəzsiz hesabat verən qurumlara hazırda ciddi ehtiyac var. Bu kimi təşkilatlar, sadəcə, beynəlxalq aləmin əlində alətdirlər”.