
Bu ay İmişli “ASAN Həyat” kompleksinin açılışında olarkən, onu işə salarkən lövhədə gördüm ki, 24 milyondan çox müraciət edilib. Ancaq bu gün Şəki kompleksini işə salarkən lövhədə gördüm ki, müraciətlərin sayı artıq 25 milyona yaxınlaşıb. Bu, onu göstərir ki, qısa müddət ərzində çox sayda müraciət olub və biz artıq 25 milyon rəqəminə yaxınıq. Güman edirəm ki, bir neçə gündən sonra biz bu rəqəmə də çatacağıq. Növbəti illərdə, xüsusilə gələn il ən azı 5 mərkəz yaradılacaq. Beləliklə, bölgələrdə “ASAN xidmət” mərkəzlərinin sayı 15-ə çatacaq və Azərbaycan vətəndaşlarına 5-i Bakıda olmaqla 20 mərkəz xidmət göstərəcək.
Bu mərkəzlərin yaradılmasında Azərbaycanın uğurlu siyasəti öz əksini tapır. “ASAN xidmət” mədəni xidmətdir, “ASAN xidmət” ən yüksək səviyyəli innovativ metodları vətəndaşlara təqdim edən mərkəzdir. Korrupsiya, rüşvətxorluqla bağlı apardığımız mübarizə “ASAN xidmət” mərkəzlərində tam bərqərar olub və bu, bütün dövlət qurumları üçün nümunədir, örnəkdir. Mən öz çıxışlarımda dəfələrlə demişəm ki, Azərbaycanda bütün sahələrdə şəffaflıq, dürüstlük “ASAN xidmət” mərkəzlərinin səviyyəsinə qalxmalıdır və biz tədricən bu hədəfə də çatırıq.
“ASAN xidmət”də bizim gənclər siyasətimiz özünü göstərir, çünki “ASAN xidmət” mərkəzlərində işləyənlərin mütləq əksəriyyəti gənclərdir. Gənclər üçün iş yerləri yaradılır. Azərbaycanda könüllülər hərəkatı öz fəaliyyətinə “ASAN xidmət”də start vermişdir. Deyə bilərəm ki, “ASAN xidmət”ə qədər Azərbaycanda könüllülər hərəkatı demək olar mövcud deyildi. Bu sahədə ilk addımı məhz “ASAN xidmət” atmışdır və son illər ərzində ölkəmizdə keçirilmiş Avropa və İslam Oyunlarında minlərlə könüllü öz gözəl xidmətini göstərmişdir. Bu günə qədər bütün “ASAN xidmət” mərkəzlərində minlərlə könüllü təcrübə qazanıb, təlim keçib, vətəndaşlarla təmasda olub və artıq müstəqil həyata tam hazırdır. “ASAN xidmət” kadr hazırlığı baxımından da çox uğurlu təşəbbüsdür və bu xidmətlərdə bu sahədə də apardığımız işlər öz əksini tapır.
“ASAN” son vaxtlar öz fəaliyyət dairəsini genişləndirir. Mən dəfələrlə demişəm, o sahələr ki, bu gün vətəndaşlar tərəfindən bəyənilmir, narazılıq doğurur, o sahələrə “ASAN xidmət”in yanaşması mütləq gətirilməlidir. Təsadüfi deyil ki, mərkəzlərdə göstərilən xidmətlərin sayı da getdikcə artır. Bax, bu mərkəzdə 320 xidmət göstərilir. Biz birinci “ASAN xidmət” mərkəzlərində təqribən 100, ondan sonra 200 xidmətə çata bilmişik. İndi xidmətlərin sayı çoxalır və getdikcə çoxalacaq. “ASAN xidmət” ölkəmiz üçün çox vacib olan sahəni – özünüməşğulluq sahəsini inkişaf etdirir, “ABAD” mərkəzləri fəaliyyət göstərir. O cümlədən bu gün Şəki şəhərində “ABAD” mərkəzinin açılışı olacaqdır. Ailə-fermer təsərrüfatlarının səmərəli fəaliyyəti üçün “ASAN” mərkəzlərinin xüsusi rolu var. Yəni, bu mərkəzlər demək olar ki, ölkə qarşısında duran vəzifələrin bir çoxunu əhatə edir və nümunə göstərir, yol göstərir, yanaşma göstərir. Təsadüfi deyil ki, vətəndaşlar bu mərkəzləri çox bəyənirlər. Şəki “ASAN Həyat” kompleksində 2 kinoteatr fəaliyyət göstərir. Mən maraqlandım ki, Şəki şəhərində kinoteatr var? Mənə dedilər ki, yoxdur. İndi iki kinoteatr olacaq. Gənclərin, vətəndaşların asudə vaxtlarının səmərəli keçirilməsi üçün “ASAN” mərkəzləri xüsusi rol oynayır, nəinki Şəkidə, “ASAN xidmət”in mövcud olduğu bütün şəhərlərdə. Məhz buna görə mən qarşıya vəzifə qoymuşam ki, biz “ASAN xidmət” mərkəzlərinin sayını getdikcə artırmalıyıq. Bu mərkəz bir neçə rayonun – Şəki, Oğuz, Zaqatala, Qax, Balakən rayonlarının vətəndaşlarına xidmət göstərəcək. Gələcəkdə bu bölgədə yeni mərkəz yaradılacaq ki, vətəndaşlar üçün daha rahat olsun. Bir sözlə, biz “ASAN xidmət” mərkəzlərində öz uğurlu siyasətimizi görürük.




