Azərbaycan Respublikası Gənclər Fondunun 10 illik yubileyi münasibəti ilə bağlı təşkil edilən tədbir çərçivəsində Bakı Biznes Mərkəzində media nümayəndələri üçün brifinq keçirilib.
Elchi.az-ın xəbər verir ki, brifinqdə Gənclər Fondunun 10 il ərzində gördüyü işlər haqqında ətraflı məlumat verilib.
Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib ki, Prezident İlham Əliyevin təşəbbüsü ilə təsis edilmiş Fond gənclərə təhsil, məşğulluq və təcrübə, beynəlxalq təmsilçilik, asudə vaxtın səmərəli təşkili, fərdi inkişaf, ideyaların reallaşdırılması və digər sahələrdə dəstək alətləri təqdim edir.

F.Cəfərov qeyd edib ki, fəaliyyət dövründə Fond tərəfindən gənclər və gənclər təşkilatlarının 5 minə yaxın yerli və beynəlxalq layihəsi maliyyələşdirilib, ümumilikdə bu layihələrdən ölkə üzrə 500 min nəfərdən çox gənc yararlanıb.
İcraçı direktorun sözlərinə görə, müsabiqə əsasında ölkə üzrə ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan 1190 istedadlı tələbənin təhsil xərci ödənilib, 47 gəncin isə xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində magistr pilləsi üzrə təhsili dəstəklənib. Bununla yanaşı, 332 nəfər gəncin beynəlxalq tədbirlərdə iştirakının təmin edildiyi və 48 gəncin isə xarici ölkələrdə yerləşən beynəlxalq təşkilatlarda Gənclər Fondu vasitəsilə təcrübə keçdiyi qeyd edilib. F.Cəfərov Vətən Müharibəsi zamanı gənclərin informasiya müharibəsindəki rolunu xüsusi qiymətləndirib.

Brifinqin davamında Gənclər Fondunun 10 illik fəaliyyətinə həsr olunmuş video-çarx nümayiş etdirilib, ölkənin 55 şəhər və rayonunda açılmış Gənclərin İnkişaf və Karyera Mərkəzinin nümayəndəliklərinin gördüyü işlər barədə məlumat verilib, jurnalistləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, Fondun 10 illiyi münasibətilə Dənizkənarı Milli Parkda gənclər festivalı təşkil edilib. Festival çərçivəsində aparıcı gənclər və könüllü təşkilatlarının stendlərindən ibarət sərgi, intellektual oyunlar, istedadlı gənclərin musiqi proqramı təqdim olunub.
Yeganə






