Suriyada İŞİD-in zülmündən qaçaraq Türkiyəyə sığınan kobanili qadınlar geri qayıtmaq üçün müraciət etsələr də mənfi cavab alıblar.
Müsavat.com-un məlumatına görə, həyat yoldaşları müharubədə ölən və ya Kobanidə qalan qadınlar üçün qalmaq da çətindir, qayıtmaq da…
Diyarbakırın Qayapınar rayonundakı idman zalları 16 aydır ki, Kobanidən qaçan qadınların və uşaqların sığınacaq yeridir. Qadınlar vaxtlarının çoxunu idman zalının bağçasında keçirirlər. Əsas mövzuları isə Kobaninin İŞİD-dən alınmasıdır. Qadınlar Kobaninin geri alınmasına sevinib və dərhal doğma torpaqlarına qayıtmaq üçün bələdiyyəyə müraciət ediblər. Bələdiyyə Kobaniyə müraciət edərək qadınların geri dönmək istədiyini bildirib. Kobaniyə nəzarəti əlində saxlayan PKK-nın Suriya qolu YPG qadınların qayıtmasına icazə verməyib.
“Kobanidə çadır qurub yaşayarıq”
Altı aydır üç uşağı ilə birlikdə idman zalında qalan Sabah Şövkət Məhəmməd evinə qayıtmaq istəyənlərdəndir. Həyat yoldaşı Kobanidə olan qadın çadırda da olsa Kobanidə yaşamaq istədiyini bildirib: “Altı aydır ki, Türkiyədəyik. Burada bizə yaxşı baxırlar. Çox razıyıq, bizi bağırlarına basdılar. Qaçqın olduğumuzu belə unutdular. Amma Kobanidən bu gün qayıt desələr qayıdaram. Kobanı dağıdılıb, amma öz torpağımız oduğu üçün hər şeydən əzizdir. Bura da bizim torpağımızdır amma Kobani başqadır. Gedib çadır qurub yaşayarıq. Bizim evimiz kənddə idi. Evimiz uçmasa da minalanıb, əşyalarımız oğurlanıb. Burada hər şəraitimiz olsa da vətənin yeri başqadır. Ümid edirik ki, Novruz bayramını Kobanidə qeyd edəcəyik”.
“Evimiz dağıdılıb”
Həyat yoldaşını döyüşdə itirən Emira Şeyx Düma da oğlu ilə birlikdə idman zalında məskunlaşıb. Emira Şeyx Düma bildirib ki, Kobanidə evi dağıdılsa da geri qayıtmaq istəyir: “Doğulduğumuz yer bizim üçün əzizdir və qayıtmaq istəyirik. İlk fürsətdə qayıdacağam. Kobaninin İŞİD-dən xilas edilməsinə çox sevindik. Geri qayıda bilsək daha çox sevinərik. Qardaşım Kobanidədir. Keçən gün danışanda evimizin dağıdıldığını dedi. Orada düşərgə salınma ehtimalı var. Əgər elə bir şey olsa qayıdaram. Başqa yerdə yaşamaq çətindir”.
Həyat yoldaşı PKK-nın Suriya qolu YPG-nin üzvü olan Asya Dərvişin kəndi hələ də İŞİD-in əsarətindədir. Amma 4 uşaq anası Asya Dərviş Kobaninin harası olursa-olsun qayıtmaq istəyir. O qeyd edib ki, minaların çox olduğu bildirilib və şəhər minalardan təmizlənərsə geri qayıdacaq.
Otaqlarda mərkəzi istilik sistemi, televizor, hamam var
İdman zalında qalan qadınlar digərlərinə görə şanslıdır. Təxminən 30 otaq qadınların ixtiyarına verilib və otaqlar normal şəraitlidir. Otaqlarda mərkəzi istilik sistemi, televizor, hamam var. Ehtiyacları isə bələdiyyə tərəfindən ödənilir. Uşaqlar isə təhsildən geri qalmır. Ancaq şərait vəziyyəti dəyişmir, qadınlar vətənlərinə qayıtmaq istəyir.