“Qorxuram ki, biz Avropa Məhkəməsində dava açınca iş işdən keçmiş ola və cəhdlərimiz daldan atılan daş effekti yarada”
Xankəndində yağı əlində, işgəncə altında saxlanılan Dilqəm Əsəgrovla Şahbaz Quliyevin heyrətdoğurucu mətanətlərinə baxmayaraq hələ də onlara haqq etdikləri mənəvi dəstəyi verməyə tərəddüd edirik və “bunu dünya necə qələmə verər” sualı qarşısında baş sındırırııq.
Ancaq tanınmış vəkil Bəhruz Bayramov Moderator.az-a açıqlamasında deyir ki, onu dünən XİN-ə çağıraraq Xankəndinə getməyin mümkünsüzlüyünü iddia etsələr də, o hələ də ümid edir ki, bunu reallaşdırmaq mümkündür:
“Bu hər şeydən öncə bizim onların bu mətanəti qarşısında bir vicdan borcumuz olardı. Kimsə Xankəndinə getməklə 5-i 9 edəsi deyil. Amma ən azından onlara mənəvi dəstək ola bilərik və güclərinə güc qatmış olardıq. Eyni zamanda XİN-də deyirlər ki, artıq Baş Prokurorluqda onların qanunsuz saxlanılması və işgəncələrlə qondarma məhkəmə önünə çıxarılmasıyla bağlı Cinayət Məcəlləsinin bir sıra maddəsiylə cinayət işi başlanılıb və ermənilər Avropa Məhkəməsində bu cinayətlərinə görə cavab verəcəklər. Amma mən heç buna da ümid etmirəm. Halbuki ilk dəfə 3 ay öncə mən sizin sayt vasitəsilə baş prokurora müraciət etmişdim ki, təcili olaraq cinayət işi başlanılmalıdır. Buna baxmayaraq heç bir xəbər çıxmadı. İndi qorxuram ki, biz Avropa Məhkəməsində dava açınca iş işdən keçmiş ola və cəhdlərimiz daldan atılan daş effekti yarada. Odur ki, bütün hüquq və humanitar müstəvidə Dilqəmgilin dadına çatmağa tələsməliyik.”