Ekspertlər səbəbləri sıraladılar…
Gürcüstan turizminin ötən ildəki uğurları ilə bağlı açıqlanan statistik rəqəmlər Azərbaycan cəmiyyətində də maraq doğurub. Belə ki, bu rəqəmlərə görə, Gürcüstan artıq bölgənin bir nömrəli turizm ölkəsinə çevrilib.
Statistikaya görə, 2016-cı ildə Gürcüstana 6.350.825 turist səfər edib. Bu göstərici 2015-ci- illə müqayisədə 7.9 faiz çoxdur. Bu barədə məlumatı Gürcüstan turizm administrasiyasının rəhbəri Qeorqi Çeqovadze mətbuat konfransında bildirib. Məlumatda o da bildirilir ki, Gürcüstana ən çox səfər edən turistlər Azərbaycan vətəndaşlarıdır. İkinci yerdə Ermənistan, üçüncü yerdə Türkiyə, dördüncü yerdə Rusiya, beşinci yerdə isə Ukrayna vətəndaşlarıdır.
Turizm sahəsindəki bu uğurlar Gürcüstanın turizmdən gələn gəlirlərinə də təsir edib siz ötüşməyib. Çoqavadze 2016-cı ildə ümumilikdə 2 milyard dollardan çox gəlirin əldə edildiyini bildirib. Bəs, görəsən qonşu ölkənin turizm sahəsində bu uğurları qazanmasının səbəbi nədir?
Eyni nəticəni Azərbaycan nə üçün əldə edə bilmir?
Milli Məclisin deputatı Vahid Əhmədov son illər Gürcüstanın uğurları ilə hər kəsi təəccübləndirdiyini bildirdi: “Gürcüstan son vaxtlar doğrudan da maraqlı bir dövlətə çevrilib. Düzdür, indi Saakaşvili haqqında müxtəlif fikirlər səslənir, ancaq o, Gürcüstanda müxtəlif mütərəqqi islahatlar həyata keçirdi. Turizm sahəsində də bir çox uğurlara nail oldu. Yeni obyektlər tikildi, xidmətin səviyyəsi artdı, qiymətləri ucuzlaşdırdı. Ona görə Azərbaycandan da Gürcüstana gedənlərin sayı artıb. Bizdə isə bu proses son vaxtlar başlayıb. 2016-cı ildə Azərbaycanda turistlərin sayında bir qədər artım baş verib. Ancaq bizdə turist axını hələ ki o dərəcədə deyil. Həm xidmətdə müəyyən qədər problemlər var. Həm də qiymət bahadır, bu da turist axınına mane olur”.
Deputatın sözlərinə görə, problemlərdən biri də Azərbaycanda qiymətlərin yuxarı olmasıdır: “Azərbaycanın bölgələrində də müxtəlif turizm obyektləri tikilir. Lakin qiymətlər baha olduğu üçün əhaliyə əlçatan olmur. Əhalinin əksər hissəsi bu səbəbdən Gürcüstana üz tutur. Bu səbəbdən qonşu ölkədə turizm inkişaf edir. Həm də orada korrupsiyanın, rüşvətin qarşısı müəyyən qədər alınıb. Ona görə də insanların marağı daha çoxdur. Gürcüstanda gəzməli, görməli yerlər də az deyil. Son vaxtlar gözəl turizm obyektləri də tikilib.
Azərbaycanda turist axınına mane olan əsas faktorlardan biri də turistlərin valyutadəyişmə ilə bağlı problemlərinin olmasıdır. Daha önəmli faktorlardan biri bu sahədəki korrupsiyadır. Təxminən son il yarımda Azərbaycanda dolların manata, manatın dollara çevrilməsi ilə bağlı problem yaranıb. Ölkədə ciddi dollarlaşma prosesi gedirdi. Bu da sonda turizmə təsir edir. Problemlər var və o problemlər 2017-ci ilin birinci yarısında da olacaq. Çox güman ki, ilin ikinci yarısından etibarən bu problemlər həllini tapmağa başlayacaq”.

İqtisadçı ekspert Natiq Cəfərli isə bildirdi ki, bu günə qədər Gürcüstanda aparılan siyasət artıq öz bəhrəsini verdi və artıq bu ölkəyə gələn turistlərin sayında kifayət qədər artım var: “Gürcüstanda təxminən 108 ölkə ilə vizalar tamamilə ləğv olunub. Vizaların ləğv olunması turist sayını artırıb. 12-ə qədər lou-kost şirkətləri, yəni ucuz uçuşlar həyata keçirən ölkələr Gürcüstanda fəaliyyət göstərir. Bu ölkədə kifayət qədər çoxlu sayda hosellər, ucuz otellər fəaliyyət göstərir. Müxtəlif əyləncə növləri var ki, insanları cəlb edir. Bütün bu məsələlər Gürcüstanı bizimlə müqayisədə daha önə çıxarır. Azərbaycanda hələ də viza problemləri qalmaqdadır. Elektron vizaya keçid təmin olunsa da bunun effekt verəcəyi də şübhə doğurur. Aviauçuşlar kifayət qədər bahadır, ucuz otellər yoxdur, əyləncə növləri məhduddur. Bütün bu məsələlərə görə biz rəqabətdə Gürcüstana uduzuruq”.