Həbsdə olan hüquq müdafiəçisi Taleh Xasməmmədov damarlarını kəsib və Ədliyyə Nazirliyinin tibb müəssisəinə yerləşdirilib.
Xasməmmədovun doğmalarının “Turan”-a verdiyi məlumata görə, 10 gün əvvəl o, Gəncə İstintaq Təcridxanasında cinayət işinin saxtalaşdırılmasına qarşı etiraz əlaməti olaraq aclığa başlayıb.
6 gün sonra onu Maştağadakı ruhi-əsəb xəstəxanasına gətiriblər. Bazar günü o, xəstəxanada damarlarını kəsib və Ədliyyə Nazirliyinin xəstəxanasına köçürülüb.
Xatırladaq ki, T.Xasməmmədov fevralın 24-də xuliqanlıq ittihamı ilə həbs edilib.
Penitensiar Xidmətdən şərh verməkdən imtina ediblər, Ədliyyə Nazirliyinin Baş Tibb İdarəsindən isə şərh almaq mümkün olmayıb.
Xasməmmədov Göyçay-Ucar bölgəsində hüquq müdafiə fəaliyyəti və facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur. O, əvvəllər də hüquq müdafiə fəaliyyətinə görə məsuliyyətə cəlb edilib, amma iki il əvvəl əvf olunub.



