Hacı Şahin: “Bu istiqamətdə yeni danışıqların aparılıb-aparılmaması haqda məlumatım yoxdur…”
Xəbər verdiyimiz kimi, Özbəkistan dövlət başçısı Şavkat Mirziyoyevin təşəbbüsü ilə yaradılmış xüsusi işçi qrupu Səudiyyə Ərəbistanı Krallığı şirkətləri ilə danışıqlar apardıqdan sonra ölkə vətəndaşları üçün Həcc və Ümrə ziyarətləri xərclərinin azaldılmasına nail olunub. Belə ki, özbək işçi qrupu nümayəndələrinin səudiyyəli həmkarları ilə danışıqları nəticəsində Özbəkistan vətəndaşları üçün Həccin qiyməti 33,3 milyon suma(3925 ABŞ dolları) endirilib. Bu da ötən ilki qiymətdən təxminən 10 milyən sum( təxm. 1200 dollar) aşağıdır.
Bəs Azərbaycanda Həcc qiymətləri necədir? Artıb, yoxsa azalıb? Bu ilin fevralında Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) mediaya verilən məlumata görə, 2019-cu il üçün Həcc ziyarətinin qiyməti 4285 ABŞ dolları təşkil edəcək. Ötən il isə həmin qiymət 4150 dollar olub. Deməli, müsəlmanlar üçün ən vacib ziyarət ölkəmizdə ötən ilə nisbətən 135 dollar bahalaşıb. Zənginlər üçün az görünən 135 dollar və ya təxm. 230 manat isə kasıb təbəqədən olan 3-4 nəfərlik ailənin bir aylıq yemək puludur. Bəs görəsən, Özbəkistandan Məkkəyə məsafəcə daha yaxın olan Azərbaycandakı Həcc qiymətlərinin daha baha olmasının, yəni nə az-nə çox, düz 360 dollar artıq olmasının səbəbi nədir? Azərbaycan tərəfi də özbəklər kimi Səudiyyə Krallığı rəhbərliyi ilə danışıqlar aparıb müqəddəs ziyarət qiymətlərini, heç olmasa, ötən ilki səviyyəyə endirə və Ramazan ayə ərəfəsində imkansız möminləri sevindirə bilməzmi?..
Bu və digər suallara cavab almaq üçün QMİ mətbuat xidməti ilə əlaqə saxlamağa çalışdııq. Həmişə kimi bu qurumla əlaqə yaratmaq böyük problem olduğundan, yəni telefon zənglərimizə cavab verilmədiyindən(digər tərəfdən, mətbuat xidmətinin icazəsi olmadan QMİ rəhbərliyində təmsil olunan din xadimlərinin çoxu medianın suallarını birbaşa cavablandırmır) mətbuata daim açıq olan QMİ-nin səlahiyyətli nümayəndəsi, tanınmış ilahiyyatçı Hacı Şahinə müraciət etdik. Qurum nümayəndəsi məsələnin bilavasitə onun səlahiyyətində olmadığını bildirərək suallarımızı qısa şəkildə cavablandırdı.
“Ümumiyyətlə, Həcc ziyarəti qiymətləri bizdən asılı olmayan məsələdir. Bu dəyişiklik əsasən Səudiyyə Ərəbistanında müəyyən qiymətlərin artması ilə bağlı olur. Ancaq Qafqaz Müsəlmanları İdarəsinin Həcc qiymətləri barədə yeni danışıqlar aparıb-aparmaması haqda məlumatım yoxdur. Çünki bu işlərlə bilavasitə idarənin Həcc ziyarətinin təşkili şöbəsi məşğul olur. Həmin qurumun fəaliyyəti ilə isə heç bir əlaqəm yoxdur. Biz QMİ nümayəndəsi və ilahiyyatçı olaraq Həcc missiyaları tərkibində ziyarətə yollanırıq. Bizim vəzifəmiz zəvvarlara Həcc ayinlərinin müəyyən məqamlarını izah etmək və həmin ayinlərin düzgün icrasını təmin etməyə çalışmaqdır. Amma həmin ziyarətlərin texniki və maliyyə tərəfləri bizim səlahiyyətimizdə olan məsələ deyil…”,- deyə Hacı Şahin bildirib. //Moderator.az






