“Hər gün sağ qalmaq üçün mübarizə aparan insanların vəziyyəti getdikcə pisləşir”
2008-ci ildə maliyyə böhranından sonra Amerikada yoxsul şəraitdə yaşayan uşaqların sayı iki dəfə artıb. Analitiklər belə qənaətə gəliblər.
ANS PRESS-in məlumatına görə, “Amerika üçün demokratiya” təşkilatının üzvü Nil Srokanın sözlərinə görə, hal-hazırda Amerikada iqtisadiyyatın bərpası qeyri-bərabər gedir. “Belə olan halda gəlirin əsas hissəsini nisbətən yüksək təbəqə alır. Hər gün sağ qalmaq üçün mübarizə aparan insanların vəziyyəti isə yaxşılaşmır. Hətta bəzi hallarda daha da pisləşir”.
ABŞ-da əhalinin siyahıyaalınma bürosunun məlumatına görə, ölkədəki hər beşinci uşağın ərzaq alınması üçün maddi köməyə ehtiyacı var. 16 milyon uşağın ailəsi öz övladlarını normal yedirə bilmirlər. Halbuki iqtisadi böhrana qədər onların sayı 9 milyon idi.
Fond birjalarında göstəricilər rekord həddə çatdığı bir vaxtda əhalinin ən varlı təbəqəsi olan 1 faiz əhali daha da varlanır. 2011-ci ildən yarımac yaşayan 20 faiz amerikalı uşaq üçün isə vəziyyət qətiyyən dəyişməyib.
ANS PRESS



