Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Türkiyədə təşkil olunan tədbirlərdən yenicə qayıtmış Azərbaycan Respublikası “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin fəalları, bir neçə QHT rəhbəri və KİV əməkdaşları ilə birlikdə martın 3-də Tərtər bölgəsinə səfər etdilər. “Xocalı Soyqırımını Tanıtma”, “Qürur” Şəhid Ailələri Xeyriyyə ictimai birliklərinin və Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondunun fəallarının birgə təşkilatçılığı ilə Tərtər bölgəsindəki “N” saylı hərbi hissədə ədəbi-bədii gecə keçirdilər. Bu hərbi hissənin yaranmasının 23-cü ildönümü ilə əlaqədar təşkil edilən ədəbi-bədii gecəni “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin sədri, “Yeni Yurd” Sosial İnkişaf ictimai birliyinin İcraçı direktoru, “Ana harayı”qəzetinin baş redaktoru, “Tərəqqi” medalının mükafatçısı, müharibə veteranı Şamil Sabiroğlu açdı.Respublikamızın ərazi bütövlüyü uğrunda şəhid olan soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi.O,dedi:-“ Əziz zabit, gizir və əsgərlər!Azərbaycan xalqı Sizinlə qürur duyur. Xalqımız əmindir ki, dədə-baba torpaqlarımızın düşmən tapdağından azad edilməsində son sözü Silahlı Qüvvələrimizin Ali Baş Komandanı və Azərbaycan ordusu deyəcək.” Şamil müəllim Silahlı Qüvvələrimizdə həyata keçirilən zəruri tədbirlərdən danışdı. Qeyd etdi ki, bu gün Azərbaycan Silahlı Qüvvələrinin büdcəsi Ermənistanın dövlət büdcəsindən ən azı 3 dəfə çoxdur. Ş.Sabiroğlu, 1992-1993-cü illərdə Tərtər-Ağdərə istiqamətində çox ağır döyüşlər aparıldığı zaman bu hərbi hissənin yaradıldığını nəzərə çatdırdı.
“Azərbaycanın Milli Qəhrəmanı Asif (Fred) Məhərrəmov adına İnkişaf Fondu”nun sədri, II dərəcəli müharibə əlili Hacı Ədalət Məhərrəmov bu hərbi hissənin keçdiyi şərəfli döyüş yolundan danışdı. “Qürur” Şəhid Ailələri Xeyriyyə Cəmiyyətinin sədri, Azərbaycanın Milli Qəhrəmanı, şəhid soydaşımız Səfiyar Behbudovun bacısı Naibə Behbudova 1991-92-ci illərdə qardaşının da könüllü olaraq Tərtər-Ağdərə-Ağdam bölgələrində erməni terrorçularına qarşı savaşda iştirak etdiyini diqqətə çatdırdı.
”Sosial Rifah və Tədqiqatlar”ictimai birliyinin sədri, fact-info.az saytının rəhbəri Əkrəm Bəydəmirli, Xocalı şəhər 2 saylı məcburi köçkün tam orta məktəbinin direktoru, Şəhid Milli Qəhrəmanımız Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova, ömrünün 27 ilini sərhədçi peşəsinə sərf etmiş Mustafa Qaramanlı, “Qafqazpress.az”İnformasiya Agentliyinin baş direktoru, “Azərbaycan uğrunda” qəzetinin baş redaktoru, şair-publisist Xatirə Rəhimli, “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin şöbə müdiri şair Dilbər Sultanova, “Baku news.Tv” İnternet Televiziyasının redaktoru Vüsalə Nəciyeva hərbi hissənin ad gününü zabit və əsgərlərlə keçirməkdən hədsiz məmnun olduqlarını qeyd etdilər.
Şamil Sabiroğlu, Xatirə Rəhimli və Dilbər Sultan qələmə aldıqları poeziya nümunələrini söylədilər. Tərtər rayon Uşaq Musiqi məktəbinin kollektivi və aşıq Azər Göyçəli(Mustafayev) maraqlı ədəbi-bədii kompozisiya ilə hərbi hissənin şəxsi heyəti qarşısında çıxış etdilər.
“Yeni Yurd” ictimai birliyinin sədri Mahirə xanım Əsədovanın, tədbirdə iştirak edən digər QHT fəalları adından hazırlanmış qiymətli hədiyyələr zabit və əsgərlərə təqdim edildi.
Şamilə Şamilqızı,
”Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin üzvü, “Ana harayı” qəzeti







