Azərbaycanda siyasi gərginlik səngimək bilmir. Az qala hər gün belə bir xəbərin şahidi oluruq –
daha bir müxalifətçi həbs edildi. Həbslərlə Azərbaycanda kimisə təəccübləndirmək mümkün deyil. Bütün bunların fonunda Qərbin müşahidəçi qismində çıxış etməsi yenə də anlaşılan deyil.
daha bir müxalifətçi həbs edildi. Həbslərlə Azərbaycanda kimisə təəccübləndirmək mümkün deyil. Bütün bunların fonunda Qərbin müşahidəçi qismində çıxış etməsi yenə də anlaşılan deyil.Birbaşa özü ilə bağlı olan hüquq müdafiəçiləri və REAL sədri İlqar Məmmədov istisna olmaqla Qərb müxalifətçilərin təqibinə yetərincə reaksiya vermir. Bu amil isə iqtidarı sərt addımlarında daha inamlı edir. Hakimiyyət, hansısa qüvvədən qorxduğunu nümayiş etdirmir, əksinə, siyasi rəqiblərini həbs eləməklə özünün qətiyyətli inamlı olduğunu nümayiş etdirir. İqtidar həbsləri həyata keçirtməklə anlatmaq istəyir ki, beynəlxalq təzyiqlərə əhəmiyyət belə vermir. Yanlış bir mövqedir. Geosiyasi durum kataklizmlərdən sona qədər sığorta anlamına gələ bilməz. İqtidar gec və ya tez ölkədə insan haqlarına münasibəti köklü surətdə dəyişməlidir.
Bu gün hakimiyyəti özünə bu qədər inamlı edən geosiyasi durumudur. Belə ki, Vaşinqton strateji bölgə olan Azərbaycana nəzarəti ələ keçirmək planına görə rəsmi Bakının şıltaqlığına dözür. İranla ciddi problemlər, habelə Əfqanıstandan qoşunların çıxarılması baxımından Azərbaycan kimi platsdarma Vaşinqtonun ehtiyacı var.
Onu da unutmaq olmaz ki, ABŞ Azərbaycana çoxmilyonlu yatırımlar qoyub, ölkə Vaşinqtonun enerji layihələrində iştirak edir, geosiyasi amillərlə yanaşı bu iqtisadi faktor da təhlükəsizliyin zəmanətçisi kimi qəbul edilir.
Rəsmi Bakı geosiyasi seçimində Qərblə əməkdaşlığa üstünlük verməyə məhkumdur. Lakin rəsmi Bakı bunun əvəzində kompensasiya istəyir.
Bəzi təhlilçilərin fikrincə, belə bir kompensasiya 2015-ci il parlament seçkilərində mövcud iqtidarın dəstəklənməsi ola bilər. Görünür, son zamanlar Azərbaycan hakimiyyətinə qarşı artan təzyiqlər də məhz bu amillə bağlıdır. Rəsmi Bakı Qərbin tələblərinə əməl etməsə, Azərbaycanda demokratik aksiyalar nəticəsində iqtidara gələcək Qərbyönlü siyasi qüvvələr bu məsələdə mühüm rol oynaya bilərlər. Bir sözlə, rəsmi Bakıya imtina edə bilməyəcəyi təklif olunub.
Bütün bu oyunlarda Azərbaycan kiçik oyunçudur. Odur ki, rəsmi Bakının rolunu həddən ziyadə şişirtməyə də ehtiyac yoxdur.
Prinsipcə, tərəflər rəsmi Bakıdan nə istədiyini açıqlayıb.
Vaşinqton Qarabağla bağlı müharibə barədə fikirləşməmək, enerji layihələrində Qərbin yanında olmaq, Rusiya və İrana qarşı sərt mövqe ortaya qoymaq tələb edir, Moskva isə Avrasiya İttifaqı ilə bağlı tələblər irəli sürür.
Rəsmi Bakı isə növbəti dəfə balanslaşdırılmış siyasət adı altında manevrlərini davam etdirmək fikrindədir. Geosiyasi reallıqlar Bakıdan Qərblə daha sıx əməkdaşlığı tələb edir. Ən azı ona görə ki, İran ətrafında halqa daralmaq üzrədir. Moskvanın əli Ukraynadan çıxdıqdan sonra Rusiya üçün Azərbaycan böyük önəm kəsb edir və görünən budur ki, Moskva Bakının “ikili oyunları”na göz yummaq fikrində deyil.
Bütün bunlara baxmayaraq, Azərbaycan hakimiyyəti nə Rusiya, nə də ki Qərbə doğru manevr etmək barədə düşünmür. Sanki kimlərsə rəsmi Bakının münasibətlərini hamı ilə korlamaq xətti seçib. Təbii ki, Azərbaycan hakimiyyəti ciddi arxa tapmadan dünyanın əsas güc mərkəzləri ilə münasibətlərini bu dərəcədə korlaya bilməzdi. Kənardan görünən budur ki, Bakı geosiyasi durumu ilə Qərbi şantaj edir. Lakin Qərb uzun müddət Azərbaycanda insan haqlarının pozulmasına seyrçi qala bilməz…



