KXCP sədri Mirmahmud Mirəlioğlunun şəhidlərə ithaf etdiyi möhtəşəm bir yazını oxuculara təqdim edirik. İnanırıq ki, şəhid ucalığını, şəhid məqamının aliliyini son dərəcədə dəqiq, obrazlı ifadələrlə təsvir edən bu yazı, həyatını Azərbaycanın suverenliyinə, ərazi bütövlüyünə, şərəf və namusuna fəda edən bütün şəhidlərimizə böyük sevgi və ehtiramın təzahüri kimi hər kəs tərəfindən maraqla qarşılanacaq və sevə-sevə oxunacaqdır.
Şəhidlik hər kəsin arzusudur, lakin hər kəsin nəsibi olmaz
Bu vərəqlər neçə müddətdir ki, maşının oturacağında… Çox yerlər gəzib maşınla… O qədər günəş enerjisi qəbul edib ki… Şəhid oğlu şəhid albay Raqubun dəfnində… məzarı üstündə dediklərim və … demədiklərim…
2016-cı ilin aprel şəhidlərinə…
Şəhid oğlu şəhid Raqubun, Qazi oğlu şəhid Rasimin… Və onların simasında bütün şəhidlərimizin uca xatirəsinə… aciz, zəif sözlər…
Ey şəhid oğlu şəhid !
Ey Qazi oğlu şəhid !
Məqamını ali. Təyinatın ALLAHdan!. Sənin olduğun ali məqam hər kəsin arzusu, lakin hər kəsin nəsibi olmaz.
Hamımız öləcəyik, lakin hamımız şəhid olmayacaq!
Torpağımızı Vətən etdin ,
İnşanımızı vətəndaş!
Bayrağımızı ucaltdın!
Ruhumuzu diriltdin!
Dünyada alnımızı açıq, üzümüzü ağ etdin.
Bizə şərəf gətirdin, öz şərəfinlə.
Bizi birləşdirdin – hamını adam, insan, vətəndaş etdin!
Azərbaycanımızı – canımızı bizə qaytardın, sevdirdin, canını verərək!
ALLAH qatına yüksəldin!
Qəbul olan dualar kimi.
Qəbul olan dualar – ALLAH qatında özü də, dua edər:
Deyərlər : “Ey şəxs, ALLAH səni ucaltsın , sən məni ucaltdığın qədər”.
Azərbaycanı, Vətəni ALLAH qatına yüksəldən şəhidlər –
Qan yaddaşımızı təzələdiniz.
Bizə uğur, döyüş əzmi yaşatdınız.
Şəhidliyi sözlüyümüzə gətirən Sizdən 26 il öncə bu yolu gedən böyüklərimizin – 20 yanvar şəhidlərinin də yanında üzümüzü ağ etdiniz. 20 yanvardan Sizin Gününüzə qədər olan şəhidlərin ruhunu sevindirdiniz. Qardaşlarınız Mübarizin, Fəridin ruhunu şad etdiniz.
Ey hər şeyə qadir ALLAHın ən əzizləri şəhidlər!
Sizə layiq söz demək çox çətin…
Siz. ALLAH rəhmətinə bələnən, qovuşan, ALLAH qatında ruzilənən əbədi həyat sakinləri!
Canınızla, qanınızla bizi şərəfləndirib, başımıza tac oldunuz!
İndi də, ruhunuzla, duanızla torpağı, Vətəni, Cahanı qoruyursunuz!
Missiyanız davam edir!
20 yanvar şəhidlərinin 4-cü ildönümündə dediyimiz bir fikri bir daha təkrar edirəm: “ Allah şəhidlərimizə, bütün şəhidlərə rəhmət eyləsin, Ruhları şad olsun!
Şəhidlərin qanından siyasi məqsədlər üçün istifadə edənlərə ALLAHın lənəti olsun”.
Şəxsən tanınmağım, bizi Dünyaya tanıdan şəhidlərə !
Şəhid sahinlərə!
Özləri də ruhları ilə birgə göydə olanlara. Bizi- BİZ edib, özləri qədər göylərə ucaldanlara!
Sizi şəxsən tanımasaq da…
ALLAHI, MİLLƏTİ , Ümməti, Torpağı, Vətəni, Dövləti, Bayrağı tanıyanlara, tanıdanlara!
– Bizim şəhid babalarımız vardı.
– Bizim şəhid qardaş – bacılarımız vardı.
– Bizim şəhid balalarımız var!
Övladlar bizim genefondumuzdur. Genefondumuzu qorumaq – vəzifəmiz, boynumuzun borcudur.
– Bizim şəhidlərimiz Vətənimizin, Dövlətimizin, Bayrağımızın, Dinimizin, İmanımızın, Özümüzün, sözümüzün, canımızın, qanımızın varlığıdır!
Şəhidlər istiqlalımızın qarantıdır
– Bizim şəhid Babalardan birinin məşhur sözü beləydi.
“İndi şəhid olmaq, gərək .ALLAH-ım lütf qıl, o mən olayım”.
Qafqaz İslam Ordusunun Acıdərədə uyuyan, kimliyimizi yaşadan şəhid Qədir Əfəndinin əbədi yaşar sözləri…
Mübarək məqamınız – bizi Sizlərə davamçı olmağa çağırır.
Bu çağrı – Qələbə çağrısıdır!
Bu Qələbə – çox yaxındadır!
Bu Qələbə – bircə istəkdən asılıdır!
Bu qələbəni – nədənsə çox da asılı qoymayaq!
Şəhidlərin qanın yerdə qoymayaq!
Yoxsa hər şey, hava, su, nəfəs, can, yığdıqlarımız, yığmaq istədiklərimiz, əlimizdə olanla, əldə etmək istədiklərimiz bizə haram olacaq!
Guya mən də nəsə dedim .Çıxış etdim. Ən böyük çıxışı şəhid özü edib. Məşhur şairin dediyi kimi : – “…Nələr etmədik bu Vətən üçün, Kimimiz şəhid oldu, kimimiz nitq söylədi”.
Mirmahmud Mirəlioğlu
KXCP sədri
İstiqlalçı millət vəkili




