İsrail prezidenti İsaak Hersoq yeni seçilmiş hökumətin təklif etdiyi məhkəmə islahatlarına görə ölkənin vətəndaş müharibəsi astanasında olduğu barədə xəbərdarlıq edib.
Elchi.az xəbər verir ki, Hersoqun sözlərinə görə, heç kimin insan həyatının təhlükə altında olduğu əsl vətəndaş müharibəsi sərhədi haqqında hansısa fikri yoxdur:
“Uçurum çox yaxındır. Mən bunun nəyin bahasına olursa-olsun baş verməsinə icazə verməyəcəyəm”.
Xatırladaq ki, yanvar ayında İsrailin baş naziri Benyamin Netanyahunun təklif etdiyi islahatlar ölkədə davamlı etirazlara səbəb olub.
İsrailin müxtəlif şəhərlərində, xüsusən də Tel-Əvivdə Netanyahu hökumətinin məhkəmə tənzimlənməsinə və sağçı siyasətlərinə qarşı kütləvi etirazlar 10 həftəni arxada qoyub.
Netanyahunun rəhbərlik etdiyi koalisiya hökumətinin məhkəmə hakimiyyətinin bəzi səlahiyyətlərini Parlamentə ötürmək istiqamətində atdığı addımlar hökumətlə İsrail məhkəmə sistemi, xüsusilə də Ali Məhkəmə arasında gərginliyə səbəb olub.
Ölkədə ən yüksək məhkəmə orqanı kimi fəaliyyət göstərən İsrail Ali Məhkəməsi, Məclis tərəfindən qəbul edilən qanunları konstitusiya layihəsi kimi qəbul edilən əsas qanunlara uyğun gəlmədiyi üçün ləğv etmək səlahiyyətinə malikdir.
Netanyahu hökuməti məhkəmə reqlamentində bəyan edib ki, Ali Məhkəməni parlamentin qəbul etdiyi qanunları ləğv etmək səlahiyyətindən məhrum edəcək.
Hökumətin məhkəmə paketində elan etdiyi maddələr, İsrail daxilində və beynəlxalq miqyasda məhkəmə hakimiyyətinin yurisdiksiyasını məhdudlaşdırdığı səbəbi ilə ağır şəkildə tənqid edilib.
Yeganə




