Hindistan sanksiyalardan yan keçərək, Hərbi Dəniz Qüvvələrinin bir hissəsi olacaq Rusiya istehsalı olan iki hərbi gəmi alacaq.
Elchi.az xəbər verir ki, “Bloomberg” bu barədə Hindistanın yüksək vəzifəli rəsmilərinə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, Hindistan böyük ehtimalla bir gəmini sentyabrda, digərini isə 2025-ci ilin əvvəlində alacaq. Onların çatdırılması Ukraynadakı münaqişə səbəbindən iki il gecikdi.
“Bu gəmilər Hindistanın 2018-ci ildə Rusiya ilə imzaladığı müqavilənin bir hissəsidir. Bu, dörd gəminin çatdırılmasını nəzərdə tutur. Daha ikisi Hindistanda Rusiya Federasiyası ilə əməkdaşlıq çərçivəsində tikilir, lakin Ukraynadakı münaqişə ilə bağlı təchizat zəncirindəki problemlərə görə də qrafikdən geri qalır”, – Bloomberg-in həmsöhbətləri bildirib.
Digər maneə Qərbin anti-Rusiya sanksiyaları idi ki, bu da Rusiya silahlarının pulunu ödəməkdə çətinliklər yaradırdı, lakin Yeni Dehli və Moskva onlardan çıxış yolu tapmağı bacardı. Söhbət ondan ibarətdir ki, Hindistan Rusiya silahlarının pulunu rupilə, xam nefti isə dirhəm və dollarla ödəyir.
Nuranə Məmmədova






