Hindistanın “Chandrayaan-3” kosmik kəşfiyyat vasitəsinin Ayın cənub qütbündə müxtəlif elementləri aşkarladığı və kükürdün olduğunu təsdiqlədiyi açıqlanıb.
Elchi.az xəbər verir ki, Hindistan Kosmik Tədqiqatlar Mərkəzindən (ISRO) kosmos kəşfiyyat vasitəsinin son tapıntıları ilə bağlı açıqlama verilib.
Açıqlamada, kosmik kəşfiyyat vasitəsinin alüminium, kalsium, xrom, titan, manqan, oksigen və silisium elementləri aşkar etdiyi, nəqliyyat vasitəsinin isə “kükürdün varlığını açıq şəkildə təsdiqlədiyi” bildirilib.
ISRO prezidenti S. Somnath bildirmişdir ki, kosmik kəşfiyyat vasitəsi Ayın atmosferini və seysmik fəaliyyətlərini də tədqiq edəcək.
Açıqlamada həmçinin bildirilib ki, kəşfiyyat vasitəsi dünən 4 metr enində kraterə yaxınlaşdığı üçün marşrutu yenidən müəyyən edilib.
Hindistanın Ayın cənub qütb bölgəsini araşdırmaq üçün iyulun 14-də kosmosa göndərdiyi “Çandrayaan-3”ün avqustun 23-də Aya uğurla eniş etdiyi bildirilib.
“Chandrayaan-3” kosmik zondunun uğurlu enişi ilə Hindistan ABŞ, keçmiş Sovet İttifaqı və Çindən sonra Aya yumşaq eniş edən dördüncü ölkə oldu və “cənub qütbünün yaxınlığında yumşaq eniş” edən ilk ölkə oldu.
Nuranə Məmmədova




