Putin Kremldə illik çıxışını edib. Bizimyol.info-nun məlumatına görə, Putin çıxışında xarici siyasətdə baş verən proseslərə, Ukrayna böhranına, Krımın son vəziyyətinə və rus iqtisadiyyatındakı proseslərə toxunub.Təxminən bir saat davam edən çıxışında Putin, “Krım və Sevastopolun Rusiya ilə tarixi birləşməsi nəhayət baş tutdu. Xalqımız və ölkəmiz üçün bu hadisələrin xüsusi bir yeri var. Çünki xalqımız Krımda yaşayır. Bu torpaqlar strateji əhəmiyyət daşıyır. Krımın fərqli cəhətləri və bütövlüyü rus xalqı üçün müqəddəsdir. Ukrayna xalqının bu vəziyyəti düzgün qiymətləndirəcəyinə əminəm. Ukraynanın Avropa Birliyi ilə olan alyansına gəlincə, qətiyyən heç bir dialoq olmayıb. Bu vəziyyətin bizi maraqlandırmadığını deməyə çalışdılar. Sadə danışmaq lazım gəlsə, bizə “Siz öz işinizə baxın” dedilər”deyib.
Putin çıxışında rus iqtisadiyyatına sərt şəkildə təsir edən Avropa sanksiyalarına da yer verib. Putin bildirib ki, Qərbin yeganə məqsədi Rusiyanı zəiflətməkdir və Rusiyaya Yuqoslaviyadakı ssenarini yaşatmaq istəyirlər.
“Bizim ən mürəkkəb mövzularda açıq və könüllü şəkildə əməkdaşlıq etmək istəyimizə baxmayaraq, dünənki tarixi düşmənlərimizi müttəfiq və yaxın dostlarımız olaraq görməyimizə baxmayaraq, onların bizi amansız bir şəkildə zövq alaraq Yuqoslaviyanın parçalanma ssenarisində görmək istədiklərini bilirik. Hitler hədəfinə çatmadığı kimi, onların da bu məqsədlərinə çatmalarına imkan verməyəcəyik”- Putin bildirib.



