Nazir təklif etdi: “Hitlerin evini yıxaq”
Avstriya Daxili İşlər naziri Volfqanq Sobotka faşist Almaniyasının lideri Adolf Hitlerin doğulduğu evin dağıdılmasını təklif edib.
Nazirlər Kabinetinin həftəlik toplantısında danışan Sobotka bunun ən yaxşı yol olduğunu deyib:
“Hitlerin doğulduğu evin ictimailəşdirilməsi məqsədi ilə hazırlanan qanun layihəsi artıq son mərhələyə çatıb. Qərar vermək lazımlıdır. Çünki respublika keçmişdə olduğu kimi, evin neo-nasistlərin ibadət mərkəzi olması və orada toplanıb şüarlar səsləndirməsinin qarşısını almaq istəyir. Mənim təklifim evin sökülməsidir. Bu, ən yaxşı yoldur”.
Toplantıdan sonra nazirlikdən verilən açıqlamada parlamentin ilin sonuna qədər evin aqibəti barədə qərar verəcəyi bildirilib.
Mərkəz sağçı Avstriya Xalq Partiyasının (ÖVP) üzvü, baş nazirin müavini Reinhold Mitterlehner isə tarixi qorunma siyahısında olduğu üçün evin sökülməyəcəyini, buranın muzey kimi istifadə ediləcəyini deyib.
Xatırladaq ki, Adolf Hitler 20 aprel 1889-cu ildə Yuxarı Avstriya əyalətinin Braunau am İnn qəsəbəsindəki evdə doğulub və 3 yaşına qədər burada yaşayıb.



