Novella Cəfəroğlu: “Azərbaycanda bir siyasi məhbus qalsa belə bu, problemdir”
Ölkədəki insan haqları pozuntuları və siyasi məhbuslarla bağlı fəaliyyətini bərpa edən İşçi Qrup oktyabrın 31-də növbəti iclasını keçirib.
Musavat.com-un xəbərinə görə, tədbir zamanı işçi qrupda təmsil olunan hüquq müdafiəçiləri mətbuat üçün ilk açıqlamalarını veriblər.
Hüquq müdafiəçisi Sahib Məmmədov bildirib ki, İşçi Qrupun bərpasına aqressiv münasibətin olacağı gözlənilən idi. O, işçi qrupun tərkibinin dəyişdiyini də diqqətə çatdırıb: “İlk iclasımızı bir neçə gün əvvəl keçirdik. Bu qrupa aqressiv münasibəti başa düşürük. Kimlərəsə siyahının başında məşhur adamlar lazımdır, onlara bəzi adamlar bəzəkli siyahı üçün lazımdır, azadlıqda deyil. Biz isə hesab edirik ki, belə siyahılar ümumiyyətlə olmamalıdır. Biz düşünürük ki, kolleqalarımız azadlıqda olmalıdır və fəaliyyətlərini davam etdirməlidir”.
Hüquq müdafiəçisi Novella Cəfəroğlu isə deyib ki, İşçi Qrupun tərkibində həbsdə olan hüquq müdafiəçilərini də görmək istəyərdilər: “Biz öz dostlarımızı, kolleqalarımızı, həmkarlarımızı sözsüz ki, həbsdən çıxaracağıq. Buna çalışırıq. Biz İntiqam Əliyevi, Rəsul Cəfərovu, Emin Hüseynovu İşçi Qrupun içində görmək istəyərdik. Bizə keşiş Qaponluq etməsinlər, provokasiyaya getməsinlər. İmkan versinlər bir müddət, bir neçə ay addımlarımızı ataq, işimizi görək, sonra münasibət bildirsinlər”.
O deyib ki, İşçi Qrupun işləməyəcəyini demək doğru deyil: “İşləmirlər, işləməyəcəklər demək çox gülüncdür. Bizim cəmiyyət arasında da, beynəlxalq təşkilatlar arasında da nüfuzumuz çox yüksəkdir. İşçi Qrupla bağlı, qrupu dəstəkləməmək üçün həbsdəkilərə ərizə yazdırmaq əxlaqsızlıqdır. Sonra həmin adamların ərizəsini Avropa Şurasına göstərmək də. Bizi onlar da tanıyırlar. Bu gün İşçi Qrupunu yaratmışıq ki, hüquqları pozulan, qanunsuz həbsə atılan insanları oradan çıxaraq. Ona görə lazımdır ki, əl-ələ verib işləyək”.
Hüquq müdafiəçisi Səadət Bənənyarlı isə deyib ki, onların budəfəki fəaliyyəti daha geniş çərçivəni əhatə edir: “Hamı dialoqdan danışır. Bu da dialoq deməkdir. Dialoqa həmişə ehtiyac var”.
Səidə Qocamanlı isə qeyd edib ki, zaman-zaman hər hansı müsbət ənənəyə qarşı çıxanlar olub. Bu səbəbdən İşçi Qrupla bağlı deyilən mənfi fikirləri diqqətə almamaq lazımdır: “Yeni yaranan qrup yalnız öz işi ilə, ortalığa çıxaracağı nəticə ilə göstərəcək ki, biz haqlıyıq, biz işləyirik. Biz düşünürük ki, işçi qrupun əleyhinə imza atan məhbuslar buna təhrik ediliblər. O imzatoplama sabun köpüyü kimi bir şeydir. Biz vaxtımızı itirməyəcəyik, İşçi Qrupuna daxil olan hüquq müdafiəçiləri vaxtlarını, enerjilərini belə “razborkalara” sərf etməyəcək”.
Onun sözlərinə görə, noyabrın ortalarında İşçi Qrup növbəti iclasını keçirəcək: “İstəyirik ki, sonda təqdim edəcəyimiz siyahıda adları olacaq şəxslər bu il azadlığa buraxılsın. Avropa Şurası Nazirlər Kabinetinə Azərbaycanın sədrlik müddəti bitir. İstəyirik ki, heç olmasa o vaxta qədər siyahımızdakı adamlar azadlığa buraxılsın. Biz gərgin işləyirik, son bir həftədə hər gün toplaşırıq. O insanların taleyi ilə oynamaq, o siyahının üstündə ad-san qazanmaq olmaz. Bizi maraqlandırmır ki, əleyhimizə olan siyahıya kim qol çəkib. Avropa Şurasını da o maraqlandırır ki, kimlər azadlığa çıxacaq”.
Novella Cəfəroğlu isə qeyd edib ki, Azərbaycanda bir siyasi məhbus qalsa belə, bu, problemdir: “Biz bu problemi həll etməliyik”. S.Məmmədov isə bildirib ki, hökumətlər problem yaradır, vətəndaş cəmiyyətinin də borcudur ki, həmin problemlərin həllinə çalışsın və nail olsun
Mirvari Qəhrəmanlı isə deyib ki, İşçi Qrupun təkcə siyasi məhbuslarla bağlı deyil, digər məhbuslarla bağlı cəhdləri də alqışlanmalıdır. Onun fikrincə, nəticəni görmədən iş görülmədiyini demək yanlış addımdır.
S.Məmmədov həmçinin bildirib ki, Avropanın bir neçə təşkilatı Azərbaycanla və regionla bağlı vəsaitlər udub: “Onların burada partnyorları var, çox böyük vəsaitlər gəlir. Bunların başında duran adamlar var. Onlar bu proseslərdə maraqlı deyillər. Bunların koordinasiyası da Xədicə İsmayıla tapşırılıb. Vəziyyətin gərgin olmasında, həbslərin artmasında maraqlı olan qüvvələr var. İşçi Qrupla bağlı da plan belə idi ki, çalışmaq lazımdır ki, qrupun yaradılması alınmasın, alınarsa onu içəridən idarə etmək üçün öz adamları bu qrupa nümayəndə olsun, bu da baş tutmazsa, onu gözdən salmaq kampaniyası aparılsın. Artıq proses üçüncü mərhələdədir”.
Hüquq müdafiəçiləri bildiriblər ki, İşçi Qrupun növbəti iclası noyabrın ortalarında keçiriləcək. Bunun üçün İşçi Qrup gərgin şəraitdə işləyir və hər gün iclas keçirərək ərizələri, sənədləri müzakirə edir.
Qeyd edək ki, Azərbaycanda insan haqları pozuntuları və siyasi məhbuslarla bağlı fəaliyyətini bərpa edən işçi qrup Avropa Şurasının baş katibi Torbörn Yaqlandın təklifilə bərpa edilib.
Röya RƏFİYEVA
Fotolar müəllifindir