Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Minəxanım Nuriyeva-Təkləli eşitdiyi, gördüyü və oxuduğu maraqlı əhvalatları kiçik hekayətlər şəklində yazır.
Elchi.az professor Minəxanım Nuriyeva-Təkləlinin böyük dramaturq Hüseyn Cavidlə bağlı qələmə aldığı xatirə yazısını təqdim edir:
Bəyəm, biz pis adamıq?
“Bir dəfə qonşuluğumuzda yaxşı bir adam, hər kəsin hörmət etdiyi kişi rəhmətə getmişdi. Xüsusən, hər kəsdən eşitdiyim onun yaxşı, nəcib xüsusiyyətləri haqda ah-uflar idi. Mən onda uşaq idim. Dedim ki, niyə həmişə yaxşı adamlar ölür? Atam, yəni Cavid gülərək dedi: “Ay şeytan, bəyəm, biz pis adamıq?”
Lal-dinməz buradan keçməklə…
Hüseyn Cavid xalq düşməni kimi ağır ittihamla tutulduqdan sonra evləri də əllərindən alınan bu bədbəxt ailə ilə hər kəs yaxınlıqdan qaçır, gördükdə yollarını dəyişib yan keçirdi. Cavidin oğlu Ərtoğrul da öldükdən sonra qızı Turan anası Müşkinaz xanımla tək-tənha qalır. Ailənin sədaqətli qohumları və yaxınları onlarla gizli razılığa gəlirlər: əgər hər şey qaydasındadırsa, onda Turan hər ayın son bazar günü Nizaminin heykəlinin sağındakı skamyada oturmalı idi. Xəbər tutan şəxs isə lal-dinməz buradan keçməklə həm özünü göstərməli, həm də onlar sarıdan xatircəm olmalı idi.
Yox, mən beləcə kiçik ola bilmərəm
Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonra köhnə yazıçıları etimadsızlıq göstərərək sıxışdırır, onları hər cür adlar altında qruplaşdırırdılar. Hüseyn Cavidi də gözdən salaraq “əski sənətkar” deyə xırda tacir mənşəli yazıçı zümrəsinə aid etmişdilər.
Yazıçı bu ada darılır: “Xırda tüccar qoluna kiçik bir səbət keçirib, içində beş-on yumurta bazarı dolaşır. Yox, mən beləcə kiçik ola bilmərəm, mən… böyüyəm”.




