“İcbari tibbi sığorta sistemi növbəti ildən tətbiq olunacaq”.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan Respublikasında 2016-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
Nazir bildirib ki, bu barədə dövlət başçısı da tapşırıqlarını verib: “Hazırlıqlar yüksək səviyyədə aparılır. İcbari tibbi sığorta hər bir Azərbaycan vətəndaşına şamil olunacaq. Dövlət tərəfindən müəyyən məbləğ ayrılacaq və vətəndaşlar ehtiyac olduğu zaman bu məbləğləri həm dövlət, həm də özəl tibb müəssisələrindən ala biləcəklər”.
Həmçinin S.Şərifov qeyd edib ki, bahalı əməliyyatları həyata keçirən həkimlərin də Azərbaycanda qalıb çalışmağa maraqlarının olması üçün onlara dövlət tərəfindən müəyyən məvacib ödənilməsi nəzərdə tutulub.
Nazir bütün bunlarla bağlı müvafiq qərarların qəbul olunacağını deyib.




