Ağır Atletika Federasiyasında qalmaqallar və xaos davam edir.
Həm idmançı qıtlığından əziyyət çəkən, həm də narazılıqların baş qaldırdığı federasiya problemlərdən yaxa qurtara bilmir.
Cahangir Əsgərovun federasiyasında idmançı qıtlığı var. Bu üzdən qurum ağır atlet axtarışına başlayıb.
Ancaq federasiya istəyinə nail ola bilməyib. Belə ki, dünya çempionatına 3 yeniyetmə idmançı ilə qatılaraq fiaskoya uğradı.
Publika.az-ın özəl mənbədən aldığı məlumata görə, federasiya dünya çempionatına öncə 9 idmançı sifariş veribmiş. Ancaq dopinq məsələsindən gözü qorxan federasiya növbəti dəfə cəza ilə üzləşməmək üçün öncədən həmin 9 idmançının qanını yoxlatmaq üçün laboratoriyaya yollayıb. Sonradan yerli federasiyaya məlumat gəlir ki, həmin qanlar “xarab”dır. Belə ki, idmançılarımızın qanında qadağanolunmuş maddə tapılır.
Azərbaycan Ağır Atletika Federasiyası da həmin cəzaya bir də düşməmək üçün sifariş vərəqəsini ləğv etdirib. Bundan sonra rəhbərlik idmançıların sayını üçə endirib. Yarışa 1997-1998 təvəllüdlü 3 ağır atlet göndərilib.
Sağlam idmançını əlil arabasına məhkum etdilər
10 gün keçməmiş federasiya bir neçə idmançı ilə Avropa çempionatına yollandı. Elə olay da burdan başladı.
Mətbuatda yayılan məlumatlara görə, Avropa çempionatında 62 kq çəki dərəcəsində çıxış edən “Lənkəran-Zirvə” idman klubunun üzvü Rüstəm İmanzadə birdən qaldırma hərəkətində əvvəlcə 117 kq-ın öhdəsindən uğurla gəldi. Sonra 122 kq sifariş verən atletimiz bu yanaşmanı da uğurla yerinə yetirdi. 3-cü yanaşmasında isə Rüstəmin 124 kq-a gəlməsi də maraqlı olub. Çünki 16 yaşı olan ağır atletimiz bu çəkini qaldırsaydı, yeniyetmələr arasında Avropa rekordunu yeniləyəcəkdi. Təəssüf ki, alınmadı. Amma buna baxmayaraq, İmanzadə 122 kq-la bu hərəkətdə Avropa bürüncünə layiq görüldü.
Təkanla qaldırma hərəkətində 143 kq-ı uğurla ram etməklə başlayan İmanzadə, ikinci cəhdində 148 kq-a yaxınlaşıb. Ştanqı sinədən sıxarkən qolu arxaya gedən idmançımız ciddi zədə alıb. Bir müddət tibbi yardım göstərilən Rüstəm 3-cü yanaşmadan imtina edib. Buna baxmayaraq, o, bu hərəkətdə 5-ci, toplamda 4-cü yeri tutmağı bacarıb.
Bu, mətbuatda idmançımızın zədəsi ilə bağlı yazılan qısa, həqiqəti tam əks etdirməyən məlumatdır. Düzdür, idmançımız sadalanan bu çəkilərin öhdəsindən peşəkar şəkildə gəlib. Sonda isə bədbəxt hadisə ilə qarşılaşıb. İdmançımızın ötən illərdə zədə almış qolu yenidən zədələnib. Ştanqı başı üzərinə qaldırmaq istəyən idmançımızın sol qolu çıxıb, müvazinətini saxlaya bilməyən idmançı ştanqı onurğa sütununun üstünə salıb. Bundan sonra idmançı ağır vəziyyətdə xəstəxanaya qaldırılıb. Hazırda onun ayaqları işləmir.
Aldığımız məlumata görə, Gənclər və İdman Nazirliyi idmançı üçün 30 min manat pul ayırıb. Rüstəm İmanzadə bir neçə gündür ki, Moskva şəhərindədir. İdmançı orada 3 ay bərpa müddəti keçməlidir.
İdmançının sosial şəbəkədə paylaşdıqları da gözləri yaşardır. Belə ki, Rüstəm hazırkı durumda bəzi şəkillərini paylaşıb və “Ayaqsız günlərimlə mübarizə aparıram” yazıb.
Maraqlıdır, federasiya Rüstəm İmanzadəni, görəsən, niyə xatırlamır, nəyə arxayındır ki, susub oturur?
Qadağan olunmuş preparatla “yaşlanır”lar
Ancaq federasiyadakı özbaşınalıq bununla bitmir.
Publika.az-a daxil olan digər məlumata görə, federasiyada 13-14 yaşlı idmançıları qadağan olunmuş preparatlardan istifadəyə məcbur edirlər. Bu isə onlara heç də yaxşı təsir etmir. Yeniyetmələrin görünüşündə dəyişikliyə səbəb olur. Onlar yaşlarından qat-qat böyük görünürlər. Bunun özü sağlamlığa böyük ziyandır.
Prezidentdən gizli işlər
Saytımıza bir xəbər də daxil olub ki, qurumda baş verənlərlə bağlı məlumat Cahangir Əsgərovdan gizlədilir. Bunun arxasında isə federasiyanın baş katibi, özü yüngül atlet olmuş Yavər Hacıyev və C.Əsgərovun müavini Elxan Əliyev durur.
Xatırladaq ki, dünya çempionatındakı uğursuzluğa görə baş məşqçi köməkçisi Nizami Paşayevin işdən çıxarılması ilə bağlı məlumat vermişdik. Ancaq N.Paşayev məsələylə bağlı belə danışmışdı: “Xeyr, hələ işləyirəm. Uzaqlaşdırılmamışam”.
Paşayev idmançılarımızın dünya çempionatında uğursuz olmaları ilə bağlı iddiaya sərt, əsəbi şəkildə təpki verib. Çünki o, nəticəni heç də uğursuz saymır: “3 yeniyetmə idmançı ilə dünya çempionatına gedib belə nəticə veririksə, buna heç də uğursuzluq demək olmaz. Biz nə etməli idik?”.






