
Zamin Hacı və Gültəkin Hacıbəylinin facebook statusları maraqla qarşılanıb; hər iki şəxs tənqidlərlə də üzləşiblər
Zamin Hacı: “Bravo, İlham Əliyev…”
Gültəkin Hacıbəyli: “İlham Əliyev düz də yazıb…”
Son bir ayda Azərbaycanda gedən məlum proseslər ölkənin geniş təbəqəsi tərəfindən rəğbətlə qarşılanıb. Xüsusilə, ötən ayın 17-də Milli Təhlükəsizlik Nazirliyində baş verən “inqilab”la başlayan proseslər artan xətlə bu günlərə qədər gəlib çıxdı…
Son bir ayda iki nazirin vəzifəsindən uzaqlaşdırılması, rəhbərini itirən nazirliklərdə aparılan “əməliyyatlar” xalq arasında rəğbətlə qarşılandı. Xüsusilə, bu proseslərdə çoxdan xalqın gözündən düşən “məmurlar”ın həbsi prezident səviyyəsində iqtidarın nüfuzunu ciddi şəkildə artırdı.
Xüsusilə, son günlərdə baş verənlər, ölkə başçısının Fransadakı terrorla bağlı həmin ölkənin prezidentinə ünvanlandığı başsağlığı məktubu cəmiyyətin bütün sferalarında müsbət dəyərləndirildi.
Təsadüfi deyil ki, hakimiyyətə müxalif mövqedə olan şəxs kimi tanınanlar da prezidentin son addımlarını dəstəklədiklərini açıq şəkildə bəyan etdilər.
Daima öz tənqidi köşələri, sərt çıxışları ilə tanınan “Yeni Müsavat”ın yazarı Zamin Hacı noyabrın 15-də MTN generalı Akif Çovdarovun həbsindən sonra maraqlı status paylaşıb. Generalın qandallı fotosu ilə birlikdə paylaşılan statusda“ Bravo, İlham Əliyev! Atılan hər bir müsbət addım yüksək qiymətləndirilməlidir” kimi sözlər yer alır.
Vaxtı ilə hakimiyyətin yanında olan, sonralar müxalif cəbhəyə keçən, iqtidara qarşı sərt çıxışları ilə son beş ildə gündəmdə olan Milli Şuranın Koordinasiya Şurasının üzvü Gültəkin Hacıbəyli İlham Əliyevin Fransa prezidentinə göndərdiyi başsağlığı məktubunu öz facebook səhifəsində paylaşaraq belə şərh verib: “Prezident İlham Əliyevin Fransa prezidenti Fransua Ollanda ünvanladığı bu başsağlığı mesajını tam şəkildə dəstəkləyirəm. Bir dövlət başçısı da, bir sadə və ləyaqətli vətəndaş da eyni mövqedən çıxış etməli idi. İlham Əliyev də Fransa xalqının yanında olduğunu yazıb və hətta daha çox şeylər yazıb. Düz də yazıb. Hə, indi islam fədailəri, vətən aşıqləri, sizin rəylərinizi gözləyirəm. Hünəriniz varsa, bircə kəlmə, “Səninləyik, Fransa” statusuma görə yazdıqlarınızın birəbeş mislini prezidentin başsağlığı mesajının altında da yazın”.
Milli Şuranın xanım üzvü statusuna prezidentin başsağlığı məktubunu da əlavə edib.
Bütün bu fikirlərdən sonra şübhəsiz ki, hər iki müxalif şəxs bəzi tənqidlərlə də üzləşib. Xüsusilə, eyni düşüncədə, eyni düşərgədə olduqları şəxslər tərəfindən.
Qeyd edək ki, Türkiyədə hər bir seçkidən sonra yaşananları xatırlamaq kifayət edər. Qardaş ölkədə bir çox hallarda iqtidar-müxalifət olmasından asılı olmayaraq, baş verən hadisəyə adekvat qiymət vermək, ona hansısa partiyanın prizmasından yanaşmamaq halları çox geniş yayılıb.