11 oktyabr 2023-cü il tarixində “Dəstəkçi” – Sosial Sahibkarlıq Platforması və Education Hub ilə əməkdaşlıq çərçivəsində “Sosial Sahibkarların Korporativ Satınalmalar Sərgisi”ni həyata keçirilib.
Elchi.az xəbər verir ki,
Dəstəkçi platforması 2022-ci ilk dəfə “1-ci Korporativ Sosial Satınalmalar Sərgisini” təşkil etməklə ölkədə “Korporativ Sosial Satınalma” yanaşmasının və bu tip sərgilərin əsasını qoydu. Və bu ilki sərgi artıq platformanın təşkilatçılığı ilə keçirilən sayca ikinci sərgidir.
Sərginin məqsədi sosial sahibkarlıq müəssisələri, eko, orqanik, etik , aqroturizm məhsul və xidmətlər təklif edən mikro, kiçik və orta sahibkarlıq subyektləri ilə özəl sektor, orta və böyük biznesləri arasında əməkdaşlığın qurulmasını təşviq etmək və özəl sektor biznesləri arasında sosial satınalma mədəniyyətini yaratmaq və təşviq etmək, həmçinin özəl sektor korporativ sosial məsuliyyət faəliyyətlərinin effektivliyinin artırılmasıdır.
Sərgi iki istiqamətdə keçirilib. Rəsmi hissədə sərginin açılışı olub və dəvət olunmuş qonaqlar çıxış ediblər.
Açılış nitqi ilə “Dəstəkçi” – Sosial Sahibkarlıq Platformasının təsisçisi Etibar Xıdırov çıxış edib: “Dəstəkçi platforması olaraq ölkəyə ilk dəfə “Korporativ Sosial Satınalmalar” yanaşmasını gətirdiyimiz üçün və artıq sayca bununla bağlı ikinci sərginin təşkil etməyimizlə fəxr edirik”.
Davamlı İnkişaf Siyasəti üzrə müşavir Şəmsiyyə Mustafayeva Ekologiya, Sosial, İdarəetmə (ESG) mövzusunda təqdimat ilə çıxış edib. O, çıxışı zamanı beynəlxalq təcrübədə təşkilatların, kororativlərin KSM-dən ESG-yə keçid etdiklərini vurğulayıb. Daha sonra iqtisadçı Samir Əliyev korproativ satınalmalar barədə digər ölkələrin təcrübəsini bölüşərək beynəlxalq təcrübədən nümunələr gətirib. Sosial sahibkar Ramtiq Əlizadə Lakeside Garden İsmayıllı aqroturizm subyekti haqqında məlumat verərək öz təcrübəsini bölüşüb.
Sonra forum qeyri-rəsmi hissə ilə davam edib. Bu hissədə sərgi hamı üçün açıq elan edilib, sosial sahibkarlar və aqroturizm müəssisələri korporativlərlə görüşmək imkanı əldə ediblər. Bundan əlavə, təlimçi Orxan Çobanzadə tərəfindən sosial sahibkarlara effektiv satış mövzusunda bacarıqların artırılması mövzusunda ustad dərsləri təşkil olunub.
Ümumilikdə 40-a yaxın sosial sahibkarlıq, eko-orqanik məhsul istehsalçıları öz məhsullarını nümayiş etdirib. Sərgidə 200-ə yaxın ziyarətçi iştirak edib.
Sərgidə göstərdiyi dəstəyə və sıx əməkdaşlığa görə KOBİA və PAŞA Bank-a təşəkkür edirik.
Havar Şəfiyeva






