“Azərbaycan Prezidenti İlham Əliyevin bu gün imzaladığı əfv sərəncamı bir çox parametrlərinə görə yadda qalır. Əfv sərəncamının verilməsi böyük humanist bir addımdır”.
Bu fikirləri Əfv Məsələləri Komissiyasının üzvü, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev deyib.
Komissiya üzvü bildirib ki, prezident əfv sərəncamı ilə Novruz bayramı öncəsi vətəndaşlara ikiqat bayram sevinci bəxş etdi: “Buna əfv olunan məhkumlar, onların yaxınları, ümumən Azərbaycan vətəndaşları sevindi. Əlbəttə, bu dövlətimizin uzun illər həyata keçirdiyi humanizm siyasətinin davamıdır. Buna görə cənab prezidentə təşəkkür etməliyik”.
A.Quliyev qeyd edib ki, sərəncamın imzalanmasında prezident İlham Əliyev vətəndaş cəmiyyəti institutlarının, qeyri-hökumət təşkilatlarının, ölkəmizdə fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarının və insan hüquqları üzrə işçi qrupunun rəyini, təklifini, tövsiyyyəsini nəzərə alıb: “Bu, çox mühüm bir məqamdır. Hesab edirəm ki, prezident məhz hüquq müdafiə təşkilatlarının siyahısında olan 14 nəfər müxtəlif qrupları təmsil edən şəxsləri əfv etməklə Azərbaycanda demokratiya, insan hüquqları və ictimai barışa nə qədər önəm verdiyini bir daha nümayiş etdirmiş oldu. Əfv olunanlar arasında jurnalistlər, siyasi partiyaların nümayəndələri, təmsilçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri və başqa sahələrdə fəaliyyət göstərən insanlar var. Həmin insanların dövlət başçısı tərəfindən əfv olunması ona işarədir ki, prezident istənilən məsələni həll etmək iqtidarındadır, gücündədir, istənilən məsələ Azərbaycanın daxilində, dialoq çərçivəsində həll olunmalıdır”.
Şura sədri vurğulayıb ki, ölkə başçısı əfv sərəncamı ilə bir daha sübut etdi ki, kənardan hər hansı bir təzyiq, ultimatu ilə qərar qəbul etmir: “Dövlət başçısına hər hansı məsələ ilə bağlı Azərbaycan vətəndaşları müraciət edirsə, buna diqqətlə yanaşır və özünün konstitusion hüquqlarından istifadə edərək vətəndaşları məmnun edəcək addımları atır”.
A.Quliyev qeyd edib ki, əfv sərəncamı həm də geosiyasi baxımından Azərbaycanın maraqlarını təmin edir: “Bəzən beynəlxalq dairələr, ayrı-ayrı ölkələr bəzi məhbusların azad olunmaması, onların bugünki vəziyyəti ilə bağlı sui-istifadə hallarına yol verirdilər. Bir çox hallarda, özlərinin təbirincə desək, “siyasi məhbus” mövzusunu istismar edirdilər. Cənab prezident əfv sərəncamını imzalamaqla bu cür sui-istifadə hallarının qarşısını aldı.
Bir daha cənab prezidentə təşəkkür edərm ki, məhz hərtərəfli, müxtəlif spektri əhatə edən insanların əfv olunması ilə bağlı addımı atdı. Hesab edirəm ki, bu bir daha göstərdi ki, Azərbaycan vətəndaşı yalnız və yalnız prezident İlham Əliyevə inanmalı, dövlətimizə güvənməli, istənilən məsələnin həllini dövlətdən gözləməlidir. Belə olan təqdirdə nəticə də yaxşı olur.
Kimsə havadarları kənarda axtarırsa, xaricdən dəstəklə hər hansı məsələnin həllinə ümid edirsə, onlar heç bir halda uğur qazana bilməyəcəklər. Biz dəfələrlə demişik ki, cənab prezident bütün müraciətlərə, xüsusilə qeyri-hökumət təşkilatlarının qaldırdığı məsələlərə həmişə diqqətlə yanaşır. Hesab edirəm ki, bundan sonra da belə olacaq. Bu nöqteyi-nəzərdə əfv sərəncamını tarixi sərəncam, qərar hesab edirəm. Bütün əfv olunanları həm azadlığa çıxmaları, həm də Novruz bayramı münasibəti ilə təbrik edirəm. Düşünürəm ki, bu sərəncam bir daha Azərbaycanda ictimai barışı, vətəndaş birliyini, dövlətlə vətəndaş arasındakı etimad mühitini daha da gücləndirdi”.




