
Görüşdə ikitərəfli münasibətlərimizin bütün sahələrdə, o cümlədən informasiya texnologiyaları sahəsində uğurla inkişaf etdiyi bildirilib.
İlham Əliyev Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslanın XXIII Bakutel-2017 sərgisində iştirakının önəmini qeyd edib, bu sərginin artıq 20 ildən çox keçirildiyini və hər dəfə də Türkiyədən olan şirkətlərin iştirak etməsindən məmnunluğunu bildirib. Nəqliyyat sahəsində əldə edilən uğurlara toxunan dövlətimizin başçısı ölkələrimizin kommunikasiya, informasiya texnologiyaları sahəsində, xüsusilə TASIM layihəsi çərçivəsində birgə fəaliyyətinin önəmini vurğulayıb.
Oktyabrda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin açılış mərasimini xatırlayan dövlət başçısı bildirib ki, bu tədbir bir daha Azərbaycan və Türkiyənin başladığı bütün təşəbbüslərinin gözəl nəticələr verdiyini göstərdi. Prezident İlham Əliyev ölkələrimiz arasında rabitə sahəsində də birgə fəaliyyət üçün çox yaxşı imkanların olduğunu deyib.
Türkiyə Respublikasının nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan XXIII Bakutel-2017 sərgisində 20-dən çox ölkənin 190-dan artıq şirkətinin iştirak etməsinin önəmini vurğulayıb və bu tədbirin yüksək səviyyədə keçirilməsi münasibətilə təbriklərini çatdırıb. Əhməd Arslan Prezident İlham Əliyevin rəhbərliyi ilə informasiya texnologiyaları sahəsində Azərbaycanda işlərin uğurla həyata keçirildiyini qeyd edərək, bu istiqamətdə gələcəkdə regional səviyyədə birgə iş fəaliyyətinin davam etdiriləcəyinə əmin olduğunu bildirib. Qonaq iki ölkənin müvafiq qurumları arasında səmərəli əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
Eyni gündə prezident İlham Əliyev İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.
Görüşdə Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiyaları texnologiyaları istiqamətində uğurlu inkişafından məmnunluq bildirildi.
Prezident İlham Əliyev XXIII Bakutel-2017 sərgisinin 20 ildən artıqdır ki, keçirildiyini qeyd edərək, İran şirkətlərinin bu sərgidə daim iştirak etməsindən və bu sərgidə İranın nazir səviyyəsində təmsil olunmasından məmnunluğunu ifadə etdi. Bu yaxınlarda İran İslam Respublikasına səfərini xatırlayan dövlətimizin başçısı İranın Ali Rəhbəri və İran Prezidenti ilə keçirdiyi görüşlərin əlaqələrimizin inkişafına böyük töhfə verdiyini vurğuladı. Prezident İlham Əliyev informasiya-kommunikasiya və rabitə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların olduğunu dedi və İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin səfəri zamanı əməkdaşlığın perspektivləri ətrafında səmərəli müzakirələrin aparılacağına əminliyini vurğuladı.
Rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarını dövlətimizin başçısına çatdırdı. O, eyni zamanda, Kirmanşah şəhərində zəlzələ ilə əlaqədar Azərbaycan Prezidentinin başsağlığı verməsi və Azərbaycanın İran xalqı ilə həmrəylik nümayiş etməsi ilə bağlı İran Prezidentinin minnətdarlığını çatdırdı. Nazir ölkələrimiz arasında siyasi, iqtisadi və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyini vurğulayaraq, bu əlaqələrimizin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi.
Prezident İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İran Prezidentinə çatdırmağı xahiş etdi.



