“Sky News”un xəbərində deyilir ki, İnterpol Mərkəzi Amerikada və Karib hövzəsində 2 həftə ərzində keçirdiyi əməliyyatlar nəticəsində 27,5 ton narkotik maddə müsadirə edib. “Lionfish II” əməliyyatı zamanı qanunsuz fəaliyyət göstərən 50 laboratoriya və cəngəlliklərdə salınmış 20 aeroport sıradan çıxarılıb. Bir sualtı qayıq və 2 ədəd yüngül təyyarə ələ keçirilib. Narkotik alverçiləri onlardan daşınmada istifadə edirmiş. 39 ölkəni əhatə edən əməliyyatda 422 nəfər həbs edilib.
Müsadirə olunmuş narkotik maddənin dəyəri 1.3 milyard dollardır. Narkotikin əsas hissəsi kokain və geroindən ibarətdir.
Adı çəkilməyən iki nəfər isə İnterpol tərəfindən axtarışda olub. Əməliyyat zamanı onlar ayrı-ayrılıqda Dominikanda və Peruda yaxalanıb.
100 ədəd silah, narkotik istehsalında istifadə olunan 7,6 ton kimyəvi maddə və 2,2 milyon dollar nağd pul müsadirə edilib.
İnterpolun məsul şəxslərindən olan Glyan Levis deyib ki, son dərəcə təhlükəli şərtlər altında mütəşəkkil silahlı cinayətkar qrupların zərərsizləşdirilməsi istiqamətində iş görülüb.
Xəbərdə bildirilir ki, əməliyyat Fransa Daxili İşlər nazirliyi tərəfindən maliyyələşib. İnterpolun mərkəzi ofisi də Fransanın Lyon şəhərində yerləşir.



