Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, vicdan məhbusu Intiqam Əliyevin işi üzrə prosesi başlayıb.
Məhkəməyə Intiqam Əliyevə dəstək məqsədilə xeyli ictimai-siyasi fəal toplaşıb. Onların arasında Milli Düçüncə Mərkəzinin rəhbəri İsa Qəmbər, Müsavat başqanı Arif Hacılı, ilahiyyatçı-alim Hacı İlqar İbrahimoğlu, politoloq Ərəstun Oruclu, vəkil Namizəd Səfərov, vəkil Qurban Məmmədov, AXCP sədri Əli Kərimli, diplomatik korpusların təmsilçiləri və sıravi müxalifətlər olub.
Musavat.com-un reportyorunun verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun apardığı proses kiçik zallardan birinə salınıb və yerin darlığı bəhanə edilərək, yalnız səfirliklərin nümayəndələrini, partiya liderləri və İntiqam Əliyevin yaxınlarıını buraxıblar. Arif Hacılı içəri keçə bilməyib. Məhkəmə önündə ciddi qarşıdurma yaranıb. Polislər zorakılıq tətbiq edərək, toplaşanları məhkəmə qapısından uzaqlaşdırıblar.
Prosesdə İntiqam Əliyev və vəkilləri məhkəmə heyətinə etiraz ediblər. Hakim ev dustaqlığı ilə bağlı vəsatətin verilməsinə razılıq verməyib. Bununla bağlı narazılıq yaranıb.
Qaldırılan vəsatətlərin içində yalnız İntiqam Əliyevin ittihamı başa düşməməsi ilə bağlı vəsatət təmin olunub. Hakim ittihamın məğzini bir daha hüquq müdafiəçisi üçün xırdalamalı olub.
Hazırda məhkəmədə saat 14.30-a qədər fasilə elan edilib.
Xatırladaq ki, Intiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb. Lakin yerli və beynəlxalq ictimaiyyət bu ittihamların qondarma olduğu, Intiqam Əliyevin hüquq-müdafiə sahəsindəki fəaliyyətinə, xüsusən Avropa Məhkəməsinə göndərdiyi şikayətlərə görə siyasi sifariş əsasında həbs olunduğu qənaətindədir. Təsadüfi deyil ki, “Amnesty International” beynəlxalq hüquq-müdafiə təşkilatı Intiqam Əliyevi “vicdan məhbusu” elan edib. Hüquq müdafiəçisi həbsindən sonra “Saxarov” mükafatına layiq görülüb. Eyni zamanda, Intiqam Əliyevin adı dünyada ən məşhur 11 siyasi məhbusların siyahısına daxil edilib. Onun azadlığa buraxılması üçün beynəlxalq aləmdən Azərbaycan hökumətinə çoxsaylı çağırışlar olub.








