Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri, hüquq müdafiəçisi İntiqam Əliyevin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirildi.
Virtualaz.org saytının prosesi izləyən müxbiri xəbər verir ki, hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkən Gülşən Orucova məhkəməyə və istintaqa verdiyi ifadə əsasında tərəflərin suallarını cavablandırdı.
Zərərçəkən vəkillərin suallarını cavablandırarkən bacısı Əfsanə Orucovanın tərcümə işləri ilə əlaqədar Hüquq Maarifçiliyi Cəmiyyətindən pul aldığını bildirib. Vəkil Elçin Sadıqov həmin vaxt layihələrdə iştirak edən şəxslərin adlarından ibarət kitabçanı məhkəməyə təqdim edərək Əfsanə Orucova adlı şəxsin olmadığını bildirdi.
İ.Əliyev çıxışında maliyyə sənədlərini məhkəmədən tələb etdi: “Zərərçəkən keçən iclasda bacısının hesabına Hüquq Maarifçiliyi Cəmiyyətindən pul keçirdiyini dedi. İstintaqın vermədiyi maliyyə sənədlərini təqdim edin, biz sübut edək. Tərcümə işlərinə ən yaxşıları dəvət olunurdu. Onlar layihə müqabilində xarici təşkilatlardan qrant alırdılar. Belə bir şey varsa, göstərin”.
Zərərçəkmiş isə “Müqavilə olmayıb, köçürmələr olub. Möhür isə hər zaman İntiqam müəllimin özündə olub” deyə bildirdi.
İ.Əliyev:
-Bu adam deyir müqavilə olmayıb. Bəs nəyə istinad edib yazıblar? Bankdan çıxarışlar edin, görək hansı işlərə görə olub. Məni ifşa edin, nədən etmirsiniz? İstintaq orqanı qəsdən maliyyə sənədlərini vermir. Verilsə, Əfsanə Orucovanın hesabındakı imzaların mənə məxsus olmadığı sübut olunacaq. Bir daha deyirəm, maliyyə hesabatlarını Gülşən Orucova verib. İmzalar mənim deyil. Möhür seyfdə olurdu. Seyfin açarı isə hər ikimizdə də vardı.
Gülşən Orucova:
-Seyf formal idi. İçində nə pul, nə də möhür olmurdu. Möhürü harada saxladığını da bilmirdim.
G.Orucova 2005-ci ildən İntiqam Əliyevlə çalışdığını və işlərin düzgün aparılmadığını, bu səbəbdən də oradan uzaqlaşdığını dedi:
–Həmişə ehtiyat edirdim. 2005-ci ildən görürdüm ki, işlər düzgün getmir. Ona görə də yavaş-yavaş uzaqlaşdım oradan. Bacım Əfsanə Orucovanın adına əməkhaqqı yazılırdı. Bunun müqabilində isə bacıma cəmisi bir dəfə 500 manat pul verilmişdi.
Vəkil Cavad Cavadov:
-Əgər ehtiyat edirdinizsə, niyə hüquq-mühafizə orqanlarına müraciət etmirdiniz?
G.Orucova:
-Özüm uzaqlaşdım.
Vəkil C.Cavadov:
-119 min manatı köçürəndən sonra uzaqlaşdınız?
Vəkilin sualı tərəflər arasında narazılığa səbəb oldu. Zərərçəkmiş vəkilləri şou yaratmaqda ittiham etdi: “Bunlar özlərini reklam edirlər, saytlara yalan məlumatlar ötürürlər”.
Bundan sonra məhkəmə prosesində fasilə elan olundu. Fasilədən sonra zərərçəkmiş Gülşən Orucova İntiqam Əliyevin vəkili Şəhla Hümbətovanın suallarını cavablandırdı.
Vəkil:
-Bacınız pulu sizə, siz də İntiqam Əliyevə verəndə hər hansı bir sənədləşmə aparılıbmı?
G.Orucova:
-Yox, heç bir sənədləşmə aparılmayıb.
Vəkil:
-Gülşən Orucova harada işləyibsə, oradan bacısının hesabına pullar köçürüb. Eyni hallar Media Hüquq İnstutunda işlədiyi zaman da baş verib. Deyə bilərsinizmi oradan nə qədər pul köçürmüsünüz bacınızın hesabına?
G.Orucova:
-Xatırlamıram.
Vəkil:
-Deyirsiniz ki, layihələr üzrə görülən işlər də vardı, görülməyən işlər də. Görülməyən işlər hansılar idi?
G.Orucova:
-Xatırlamıram. Gördüyünüz o kitablar layihələrin hamısında nəzərdə tutulub. Bir kitab bütün layihələrdə təqdim olunub. Eyni kitaba görə müxtəlif layihələrdən pul alınıb.
İ.Əliyev zərərçəkənin yalan danışdığını bildirdi:
-İş düzgün araşdırılsaydı, hətta həmin məbləği Gülşən Orucova mənə versəydi belə bu gün burada mənimlə yanaşı oturmalı idi.
İ.Əliyev məhkəmənin düzgün, obyektiv araşdırılması üçün Hüquq Maarifçiliyi Cəmiyyətinə aid sənədlərin, kompüterlərin qaytarılmasını məhkəmədən xahiş etdi. İ.Əliyev maliyyə hesabatlarını mühasibi Gülşən Orucovanın ödədiyini bildirdi.
Bundan sonra digər zərərçəkən Sadiq Bağırov sərbəst ifadə verdi. O, ifadəsində Hüquq Maarifçiliyi Cəmiyyətinə müsabiqə yolu ilə işə qəbul olunduğunu, 2010-cu ilin oktyabr ayına qədər adıçəkilən təşkilatda işlədiyini, İ.Əliyevin onun müəllimi olduğunu göstərdi: “Xidmət göstərdiyim dövrdə İntiqam müəllimə qarşı heç bir qüsura yol verməmişəm. Hətta mənə desəydi ki sizin adınıza pullar yazılıb, mən imzalayardım, həmin məbləği aldığımı deyərdim. Bunu edərdim. Mən burada mənəvi zərərçəkənəm”.
Qeyd edək ki, S.Bağırov onun adına əməkhaqqı kimi yazılan 1116 manat məbləğində pulu almadığına görə cinayət işi üzrə zərərçəkmiş qismində tanınıb.
Daha sonra zərərçəkmiş Könül Bayramova ifadə verdi. O, ifadəsində 2010-cu ilin oktyabr ayından etibarən təhsil almaq üçün Almaniyaya getdiyini göstərdi: “İşçi kimi müqavilə bağlamışam, İntiqam müəllimin yanında işləmişəm. Ayda 243 manat əməkhaqqı almışam. Üç ayın – oktyabr, noyabr, dekabrın əməkhaqqısı verilməyib. Əslində həmin vaxt işləməmişəm. Heç bir tələbim yoxdur. İşləmədiyim vaxt pul ala bilməzdim axı. İstintaqa verdiyim ifadəmi təsdiq edirəm”.
Məhkəmə prosesi martın 10-da davam edəcək.
Xatırladaq ki, İntiqam Əliyev ötən il avqustun 8-də həbs olunub. Ona qarşı vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, qanunsuz sahibkarlıq, mənimsəmə kimi ittihamlar irəli sürülüb. Lakin qarşı tərəf bu ittihamları qəbul etmir.



